Kür çayını kimlər işğal edib? - Nazir Muxtar Babayev yoxa çıxıb, mətbuat katibi isə susur - FOTOLAR

08-08-2019 [20:21]
Bir neçə gün əvvəl bir qrup Mingəçevir şəhər sakini Kür çayının zəbt olunması ilə bağlı ölkə rəhbərliyinə müraciət etmişdi.

"Yeni Sabah” xəbər verir ki, müraciət müəllifləri çayın sahilində deyil, çayın içərisində qanunsuz olaraq tikinti işlərinin aparılmasından narahat olduqlarını bildirmişdilər. Həmin vaxt fotolar da müraciətə əlavə olunmuşdu.

Bu gün sözügedən ərazidə aparılan tikinti işlərinin yeni görüntüləri yayılıb. Bəlli olur ki, tikinti nəinki dayandırılıb, iş daha da sürətlənib. Əgər bir neçə gün əvvəl tikinti işi çayın içərisinə doğru bir neçə metr uzanırdısa, bu gün yayılan fotolardan görünür ki, artıq bu işlər çayın ortasına qədər çatır. 

Qeyd edək ki, sözügedən restoran tikintisi Kür çayının avarçəkmə üzrə Beynəlxalq "Prezident Kuboku” reqatası keçirlən hissəsində aparılır və həmin ərazinin "Sədərk Yusif” adı ilə tanınan iş adamı Yusif Qədimbəyliyə məxsus olan "DEKA” şirkətinə satıb.

Diqqətçəkən məqam budur ki, bu cür açıq şəkildə Kür çayı işğal edilsə də, ETSN və bu qurumun rəhbəri Muxtar Babayev isə sanki "yoxa çıxıblar". 

Halbuki, bir müddətə əvvələ qədər nazirlik Bakıda bacasından tüstü çıxan hər nə görürdüsə, oraya "ənənəvi üsul"la işlədikləri bir qrup jurnalisti toplayıb, MX rəhbəri İradə İbrahimovanın liderliyi ilə reyd keçirir, yeni nazirin barəsində guya işgüzar imic yaradırdılar. 

Amma görünən odur ki, Muxtar Babayevin gücü yalnız yetim-yesirə çatıb. Və bu boyda Kürün zəbtini isə məlum səbəbdən görməzlikdən gəlirlər.

Yəqin elə bu səbəbdəndir ki, dünən QHT rəhbəri Səbuhi Abbasov məhz bu problemlə bağlı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadan kömək istəmişdi..

Təqdim etdiyimiz fotoları Azbelediyye.az saytı yayıb.

Mia.az





SON XƏBƏRLƏR