BMT-nin Təhlükəsizlik Şurasında Gürcüstanla bağlı məsələ müzakirə olunacaq

08-08-2019 [11:10]
"BMT-nin Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçiriləcək bugünkü iclasında Gürcüstanla bağlı məsələ müzakirə olunacaq”.

Bu barədə Gürcüstanın BMT-dəki daimi nümayəndəsi Kaxa İmnadze "Amerikanın səsi” radiosunun Gürcüstan xidmətinə bildirib.

Onun sözlərinə görə, Təhlükəsizlik Şurasının iclası ənənəvi olaraq qapalı keçiriləcək və şuraya sədrlik edən Polşa nümayəndəsi mətbuata açıqlama verəcək. Avqustun 7-də K.İmnadze BMT-min mənzil qərargahında təşkilata üzv ölkələrin nümayəndələri ilə görüşüb və 2008-ci ilin avqust müharibəsi barədə danışıb. Nümayəndə Rusiyanın atəşkəs haqqında sazişə məhəl qoymadığını bildirib. K.İmnadze qeyd edib ki, BMT-yə üzv dövlətlər Gürcüstan hökumətinin "Daha yaxşı gələcəyə doğru addım” adlı sülh təşəbbüsünü müsbət qiymətləndiriblər.

Görüşdə ABŞ, Avstraliya, Böyük Britaniya, Aİ, Estoniya, Türkiyə, İrlandiya, Kanada, Litva, Moldova, Polşa, Ukrayna və İsveç nümayəndələri çıxış ediblər. Onlar Gürcüstan ərazilərinin işğalını pisləyərək Rusiyanı beynəlxalq hüquq və prinsiplərə hörmətlə yanaşmağa çağırıblar/Report.


SON XƏBƏRLƏR