"Rusiya Abxaziya və Tsxinvalinin faktiki zəbti istiqamətində addımlar atır" - Rəsmi Tbilisi

07-08-2019 [11:37]
Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Rusiya ilə 2008-ci il avqust müharibəsinin 11-ci ildönümü ilə bağlı bəyanat yayıb.

XİN Rusiyanı 2008-ci ilin avqustun 12-də əldə olunmuş atəşkəs haqqında sazişin öhdəliklərini yerinə yetirməyə çağırıb.

Bəyanatda bildirilib ki, 11 il əvvəl hərbi təcavüz və beynəlxalq hüququn fundamental normalarına məhəl qoymamaqla suveren dövlətin sərhədlərinin zor gücünə dəyişdirilməsinə cəhd olub və bu da həm region, həm də ümumilikdə Avropanın təhlükəsizlik sistemi üçün ciddi təhdiddir.

Sənəddə vurğulanıb ki, Rusiya Gürcüstanın Abxaziya və Tsxinvali bölgələrinin faktiki zəbti istiqamətində addımlar atır: "Bu məqsədlə Rusiya dəmir tikanlı hasarlar çəkməkdə və süni maneələr yaratmaqda davam edir. Bu da yerli sakinlərin sərbəst hərəkət etmə və digər əsas hüquq və azadlıqlarını kobud şəkildə pozur. Buna görə də əhali ağır humanitar və sosial-iqtisadi vəziyyətdə yaşayır”.

Qeyd edək ki, Rusiya-Gürcüstan müharibəsi 2008-ci ilin avqustun 8-də başlayıb və 5 gün davam edib. Müharibə nəticəsində Rusiya Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrini işğal edib və avqustun 26-da onların müstəqilliklərini tanıyıb/Report. 


SON XƏBƏRLƏR