Sabah jurnalistika ixtisasına qəbul olmaq istəyənlər qabiliyyət imtahanı verəcək

31-07-2019 [10:00]
Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 1-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

Mərkəzdən Mia.az-a verilən məlumata görə, bu imtahanda iyulun 22-dən 25-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay,Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq.

İmtahanda iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunub. Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə "Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 11:00-da başlayır və 2 saat 30 dəqiqə davam edəcək.


SON XƏBƏRLƏR