Vilayət Eyvazov İndoneziya Nümayəndələr Palatasının sədr müavinini qəbul etdi - FOTO

30-07-2019 [19:01]

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan İndoneziya Respublikasının Nümayəndələr Palatası sədrinin müavini Fadli Zonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, nazir Vilayət Eyvazov ölkəmizin və millətimizin qədim tarixə, mədəniyyətə, beynəlxalq aləmdə gedən proseslərə əhəmiyyətli təsirə malik, dünyanın ən böyük müsəlman dövləti olan İndoneziya Respublikası və xalqı ilə münasibətərin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb.

O, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, respublikamızın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, ədalətli şəkildə həlli prosesində bu ölkənin hər zaman Azərbaycanın haqq işini müdafiə etməsini məmnunluqla xatırladaraq bu əhəmiyyətli dəstəyə görə təşəkkürünü bildirib.

Daha sonra nazir müstəqilliyin ilk illərində üzləşdiyimiz problemlər, ölkədə hökm sürmüş hərc-mərclik, anarxiya, cəzasızlıq mühiti, eyni zamanda, Ermənistanın hərbi müdaxiləsi nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi, nəticədə 1 milyondan artıq soydaşımızın doğma yurd yerlərindən didərgin düşməsi barədə qısa məlumat verib. Xüsusilə qeyd olunub ki, xalqın tələbi ilə ali hakimiyyətə qayıtmış ulu öndər Heydər Əliyevin müdrik siyasəti, onun rəhbərliyi ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının birgə gərgin və səmərəli fəaliyyəti nəticəsində ölkədə asayiş, əmin-amanlıq bərpa edilib, kriminogen durum nəzarət altına alınıb. Sabitliyin dönməzliyinin təmin olunması üçün görülən işlər, əmin-amanlıq ölkə iqtisadiyyatının durmadan inkişafı üçün əlverişli şərait yaradıb. Belə təhlükəsiz şəraitdən vətəndaşlarımız kimi ölkəmizdə fəaliyyət göstərən əcnəbilərin, o cümlədən İndoneziya vətəndaşlarının da yararlandıqları nəzərə çatdırılıb.

Sonra cənab Vilayət Eyvazov DIN-in strukturu və funksional vəzifələrindən söz açaraq cəmiyyət həyatının bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında həyata keçirilən islahatlar, baş verən yeniliklər barədə ətraflı danışıb.

Ulu öndərin strateji kursunun, fəal hüquq-mühafizə siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini məmnunluqla vurğulayan daxili işlər naziri əməliyyat-xidməti fəaliyyətin əsasında insan hüquq və azadlıqlarının qorunması, vətəndaş məmnunluğu amilinin dayandığını xüsusi qeyd edib. O, bu işdə, vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi baxımından ən müasir informasiya texnologiyalarının, xüsusən DİN-in "Təhlükəsiz şəhər”, "102 Zəng Xidməti” Mərkəzinin, digər müasir texnoloji vasitələrin imkanlarından da geniş istifadə olunduğunu vurğulayıb.

Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərinin, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin diqqət mərkəzində olduğu, belə qlobal xarakterli təhlükəli cinayətlərlə səmərəli mübarizədə beynəlxalq birliyin səylərinin birləşdirilməsinin zəruriliyi qeyd olunub.

Səmimi qəbula, ətraflı məlumata görə təşəkkür edən Fadli Zon respublikamıza ilk səfərinin gedişində nümayəndə heyətinin üzvlərində artıq Azərbaycan haqqında çox sürətlə inkişaf edən, dinamik, müasir və təhlükəsiz ölkə imicinin formalaşdığını, qədim tarix və sivilizasiyalar məskəni olaraq dövlətlərimiz və xalqlarımızı ümumi, oxşar cəhətlər birləşdirdiyini məmnunluqla diqqətə çatdırıb.

Cənab F.Zon qarşılıqlı ziyarətlərin , geniş ünsiyyətin və mütəmadi təmasların ikitərfli əlaqələrin inkişafına böyük impuls verəcəyinə, parlamentarilərin də bu əməkdaşlığa öz töhfələrini verəcəklərinə əminliyini ifadə edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinə nail olunması üçün səylərini əsirgəməyəcəklərini bildirib.

Səmimilik və dostluq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.



SON XƏBƏRLƏR