“Azəriqaz” Bakı-Sumqayıt yolunda təmir-tikinti işlərinə start verib

img

29-07-2019 [12:42]


Bu gün səhər saat 10.00-dan etibarən "Azəriqaz” İstehsalat Birliyi Bakı-Sumqayıt yolunun, "Şamaxinka” adlanan ərazisindən və Biləcəri enişindən keçən hissəsində təmir-tikinti işlərinə start verib.

"Azəriqaz”dan Mia.az-a verilən məlumata görə, əraziyə texnika və işçi heyət cəlb olunub.

Qeyd edək ki, diametri 530 mm olan orta təzyiqli 2 ədəd yeraltı qaz kəmərinin sürüşmə zonasında yerləşməsi və s. amillər nəzərə alınaraq istismara yararsız hissəsinin əsaslı təmir olunmasına zərurət yaranıb. Bu böyük həcmli təmir işindən sonra Yasamal, Nəsimi və Binəqədi rayonlarında yaşayan ümumilikdə 108 min istehlakçının qaz təchizatı xeyli yaxşılaşacaq.

Haqqında danışılan qaz kəməri ötən əsrin 70-ci illərində istismara verilib, həmin yerdə avtomobil tunelinin tikintisi ilə əlaqədar 2004-cü ildə trayektoriyası dəyişdirilib. Artıq qazıntı işlərinə başlanılıb və "Azəriqaz”ın əməkdaşları qeyri-iş günlərində də təmir-tikintiyə cəlb olunacaqlar. Ərazidə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunan məhdudiyyətləri Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tənzimləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR