"15 manata su satırlar, kənd təsərufatını belə inkişaf etdirmək olar?" - Əkinçi fəryad edir + FOTO

26-07-2019 [11:40]
Ağstafa Rayon Düz Qışlaq kənd sakini, əkinçi İsmayılov Vüsal Alı oğlu Prezident İlham Əliyevə,  Kənd Təsərufatı naziri İnam Kərimova, Baş prokuror Zakir Qaralova və Daxili işlər naziri Vilayət Eyvazova Mia.az saytı vasitəsi ilə müraciə edib.

Mia.az-ın məlumatına görə, o, bildirib ki, Prezidentin  kənd təsərufatının inkişafıyla bağlı verdiyi sərəncam və tapşırıqları yüksək qiymətləndirir: 

"Qeyri neft sektorunun inkişafı ölkəmiz üçün nə olduğunu şəxsən mən çox gözəl dərk edirəm. Lakin Cənab Prezident bəzi öz marağını düşünən məmurlar bu inkişafı əngəlləyir. Belə şəxslərdən biridə Ağstafa rayonu Kol Xəlfəlı kəndində suvarma şefi Zakir Mədətovdur.

Zakir Mədətov 1 hektarı 3 manata başa gələn suyu biz əkinçilərə 15 manata satır. Nə üçün su dəyərindən 5 dəfə artıq satılır biz əkinçilərə? 

Belə kənd təsərufatını inkişaf etdirmək olarmı? Torpağın canı sudur! Onuda belə edirlər. Bu il mən torpaq sahəsini 6 dəfə suvarmaq əvəzinə, cəmi 2-cə dəfə suvara bilmişəm. Onu da 2-ci suvarmada Zakir Mədətov suyu yarıda dayandırıb, biçənək sahəsinə verib.

Mən iyul ayının 23-də İcra Hakimiyyəti Başçısının 1-ci müavini Ramiz Tatarovun qəbulunda oldum və o, mənə söz verdi ki, səni suyla təmin edəcəyik. Şəxsən mənim yanımda Ramiz Tatarov KolXəlfəli İcra Nümayəndəsi Yalçın müəllimə tapşırıq verdi ki, Vüsal İsmaylovu suyla təmin edin. Lakin Ramiz Tatarovunda tapşırığına Zakir Mədətov məhəl qoymadı.

Xüsusi qeyd etmək istəyirəm ki, 2016 – 2017-ci illərdə mən 40 hektar qardalı sahəsi əkən vaxt Zakir Mədətov mənə su vermədiyinə görə, həmin illər mən heç bir məhsul götürə bilmədim və demək olar ki müflis vəziyyətinə gəldim.

Cənab Prezident, bu gün mən bütün əkinçilər adından Sizə müraciət edirəm. Vəziyyət çox acınacaqlıdır. Mənim səmimiyyətimə inanın! Konkret monopoliyadır. Çünki bütün əkinçilər mənim rastlaşdığım problemlərlə rastlaşır. Burada ayrı-seçkiliyi xüsusi vurğulamalıyam. 

Ağstafa rayonunda yüksək vəzifə tutmuş şəxslərin sahələri normadan bir az da artıq sulanır. Lazım gələrsə, onların hamısının adlarını və torpaq sahələrinin ağlasığmaz miqyasını geniş ictimaiyyətə təqdim edə bilərəm və edəcəyəm də. Qoy, hər kəs Ağstafada nə baş verdiyini bilsin. 

Zakir Mədətova 3 manat əvəzinə 15 manat yox ,25 manat verən şəxslərin torpaq sahələri də növbədənkənar artıqlamasıyla suyla təmin olunur. Demək istəyirəm ki, bu gedişlə ölkəmiz qeyri-neft sektorunun ən önəmli olan sahəsi hesab edilən Kənd Təsərrufatını inkişaf etdirə bilməyəcəyik".

Şikayətçi daha sonra yazır:

"Hörmətli Cənab Prezident! 

Mənim öncədən "Turanbank"a Kənd təsərufatı xəttiylə ayırdığı 50 min AZN borcum var. Onu ödəmək üçün mən yenidən 30 min manat fərdi şəxslərdən götürüb 17 hektar kartof əkmişəm ki, həmin 50 min manatı ödəyim. Lakin illərdir Zakir Mədətovun mənə yaratdığı su probleminə görə mən 30 min manatımı çıxara biləcəyimə inanmıram. Buna görə də Cənab Prezident, Sizdən Xahiş edirəm Ağstafa rayonuna xüsusi diqqət ayırasınız. Əkinçilərin canını belə düşmənlərdən qurtarasınız.

Məhz belə problemlərə görə, bizim ölkə başqa dövlətlərdən kartof almağa məcbur olur. Zakir Mədətovun bildiyimə görə suvarmada heç bir rəsmi vəzifəsi yoxdur. 

Maraqlısı odur ki, onun arxasında kim durur. Kimdir əkinçilərin əsl düşməni? Aldığım məlumata görə Ağstafa rayon hüquq mühafizə orqanlarında Zakir Mədətovu himayə edən bir şəxs var. Həmin şəxs Zakir Mədətovu öz səlahiyyətlərindən istifadə edərək qoruyur.

Hörmətli Cənab Prezident! Sizdən xahiş edirəm Ağstafa əkinçilərinə və mənə neçə illərdir zülm verən və müflis həddinə çatdıran Zakir Mədətovun əməllərinə hüququ qiymət verilsın və cinayət məsuliyyətinə cəlb edilsin".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Mia.az


SON XƏBƏRLƏR