AMEA-nın 17 institutuna direktor direktor seçkisi olacaq - Sentyabrda

25-07-2019 [17:37]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) səlahiyyət müddəti bitən 17 institutunun direktoru vəzifəsinə seçkilər sentyabr ayında keçiriləcək. 

Bunu "Report"a açıqlamasında AMEA-nın akademik-katibi, AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin rəhbəri Əminağa Sadıqov deyib.  

Onun sözlərinə görə, AMEA-nın müvafiq institutlarının elmi şuraları direktorluğa namizədlər irəli sürüb: "Növbəti mərhələdə müvafiq bölmələrdə direktor seçkisi keçiriləcək. Elmi bölmənin ümumi yığıncağında direktorlar gizli səsvermə yolu ilə 5 il müddətinə seçiləcək. Bu prosedur başa çatandan sonra yeni direktorların təsdiqlənməsi məsələsi AMEA Rəyasət Heyətinin iclaslarının birində müzakirəyə çıxarılacaq və təsdiqlənəcək. Bununla da yeni direktorların təyinatı baş verəcək. Rəyasət Heyətinin toplantısının da sentyabrda keçiriləcəyi gözlənilir".

Qeyd edək ki, AMEA-nın 6 bölməsi üzrə 17 institutunun direktorlarının səlahiyyət müddəti bitib. Direktor vəzifəsinə sənəd qəbulu iyunun 11-dən iyulun 12-dək davam edib. Bu vəzifələrə 17 nəfərin namizədliyi irəli sürülüb. Onların hamısı səlahiyyət müddəti bitmiş direktorlardır. 

İnstitut direktorları vəzifələrinə namizədlər aşağıdakılardır:

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə:

Fizika İnstitutu - Nazim Məmmədov

İdarəetmə Sistemləri İnstitutu - Telman Əliyev

Riyaziyyat və Mexanika İnstitutu – Misir Mərdanov

İnformasiya Texnologiyaları İnstitutu - Rasim Əliquliyev

Biofizika İnstitutu – Oktay Qasımov (direktor vəzifəsini icra edən)

Kimya Elmləri Bölməsi üzrə:

Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu - Dilqəm Tağıyev

Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu - Vaqif Fərzəliyev

Yer Elmləri Bölməsi üzrə:

Geologiya və Geofizika İnstitutu - Akif Əlizadə

Biologiya və Tibb Elmləri Bölməsi üzrə:

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu – Ulduz Həşimova

Mərkəzi Nəbatat Bağı - Vahid Fərzəliyev (direktor vəzifəsini icra edən)

Humanitar Elmlər Bölməsi üzrə:

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu - İsa Həbibbəyli

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu - Teymur Kərimli

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi - Rafael Hüseynov

Hüseyn Cavidin Ev Muzeyi- Gülbəniz Babaxanlı

İctimai Elmləri Bölməsi üzrə:

Fəlsəfə İnstitutu - İlham Məmmədzadə

Milli Azərbaycan Tarixi Muzeyi - Nailə Vəlixanlı

Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu - Gövhər Baxşəliyeva

Qeyd edək ki, səlahiyyət müddəti bitən direktorlar arasında AMEA prezidenti Akif Əlizadənin, sabiq Təhsil naziri Misir Mərdanovun, deputat Rafael Hüseynovun, deputat Gövhər Baxşəliyevanın da adı var.


SON XƏBƏRLƏR