Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində 124 vakant vəzifə var

img

23-07-2019 [21:22]


Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin tabeçiliyində olan orqanlarda vakant kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən Mia.az-a verilən məlumata görə, Bakının 6 saylı (30), o cümlədən respublikanın Tovuz (22), Balakən (18), Ağcabədi (18), Kürdəmir (18) və Şamaxı (18) "ASAN xidmət” mərkəzlərində ümumilikdə 124 vakant yer tutmaq məqsədilə keçirilən müsabiqədə orta, xüsusi orta və ali təhsil müəssisələrini bitirmiş, yaşı 20-dən 25-dək, boyu 160 santimetrdən yuxarı olan, özü və yaxın qohumları məhkum olunmamış, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən, yaşayış yeri üzrə Bakı şəhərində, Tovuz, Balakən, Ağcabədi, Kürdəmir, Şamaxı və ətraf rayonlarında daimi qeydiyyatda olan qadın vətəndaşlar iştirak edə bilərlər.

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq. Müsabiqədə ali təhsillilərə, kompüterlə işləmək qabiliyyətinə malik olan və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük veriləcək.

Müsabiqə qalibləri müvafiq xüsusi rütbə verilməklə DİN-in kadrları tərkibinə daxil ediləcək və onların qanunvericilikdə müəyyənləşdirilən qaydada daxili işlər orqanları əməkdaşlarına şamil edilən imtiyazlardan istifadə hüququ olacaq.

Xidmətə qəbul olunmaq istəyən şəxslər iyulun 25-dən avqustun 25-dək həftənin iş günlərində saat 10:00-dan 17:00-dək Bakı şəhəri, R.Behbudov küçəsi 130 ünvanında yerləşən DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edərək şəxsiyyət vəsiqəsini, təhsil haqqında sənədin əslini, və əmək kitabçasını (olanlar üçün) sənədləri təqdim etməlidirlər. Əlavə məlumatı (012) 590-64-41 və (012) 590-64-31 (daxili - 312) telefon nömrələrindən almaq mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR