Abid Şərifovun maşınının üstünə çıxan jurnalist işdən çıxarıldı, Baş nazirin müavininə isə... - Açıqlama

23-07-2019 [17:17]
Dünən baş nazirin keçmiş müavini Abid Şərifovun avtomobilinin üzərinə çıxaraq onun hərəkətinə mane olmağa çalışan jurnalist Nurlan Libre işindən azad edilibb.

Mia.az xəbər verir ki, bu barədə Kanal 13-ün redaktoru Anar Orucov öz "Facebook” ünvanında yazıb.

O, jurnalistə uğurlar arzu edib və eyni zamanda Baş nazirin keçmiş müavininə mesaj verib: 

"Dünən bildiyiniz kimi etiraz edən bir neçə mətbuat işçisinin rastına çıxanlardan biri də hörmətli Abid Şərifov oldu və bu qarşılaşmada həm onun hərəkəti həm də Kanal13-lə əməkdaşlıq edən Nurlan Librenin hərəkətləri demək olar hər kəsin diqqətini çəkdi. 

Abid müəllimin bir ömür vəzifə, mənsəb, dövlətçilik təcrübəsi var: məncə problemli bir insanı dinləmək (hələ maşının pəncərəsini endirib nəvəsi yaşında olan 3-5 narazı jurnalistin əlini sıxıb bayramlarını təbrik etməyi demirəm) təqaüddə olsa belə Abid Şərifov kimi bir təcrübəli insanın bəlkə də ən azı ağsaqqalıq borcu idi, ömrü boyu vəzifəsində olduğu bir ölkənin narazı vətəndaşına sadəcə bir təsilli vermək (bir çay süfrəsinə dəvət etməyi belə demirəm) illərlə yediyi çörəkdən, mindiyi o maşından doğan bir borc idi, mənim təfəkkürümdə!

 Hörmətli Abid müəllim bunu etmədi, qısası, etmədi, yüzlərlə indiki və keçmiş məmurlar kimi... və əvəzində əməkdaşımız Nurlan Libre  də məni, Kanal13-ü və yəqin ki, azad media uğrunda savaşan bütün camiəni utandıracaq bir adekvat hərəkət etdi. Nurlan çılğın gəncdi, dünya görüşü bəlkə də o qədər də geniş deyil, ölkədə işlədiyi və yaşadlğı durum onu aqressiv olmağa məcbur edir... 

Anlaşılandır! Amma indiyədək Kanal13-ün və eləcə də Əziziin, mənim, bütün kollektivimizin neçə-neçə üzvünün yolları həm meydandan, həm zindandan keçib amma bircə dəfə də əxlaq qaydasını pozmamışıq, kimisə təhqir etməmişik, aşağılamamışıq, bacardığımız qədər azad media prinsiplərini qoruyub, öz inanığımız dəyərlərə hörmət etmişik! Çünki əxlaqsızlıqla mübarizənin yolu əxlaq, əyriliklə mübarizə aparmağın yolu düzlük, qaranlıqla mübarizənin yolu işıqdır! Bu bizim kredomuzdur! Biz Azərbaycan cəmiyyətində gözəl nümunələr yaratmağın, eybəcərliklərlə mübarizənin çirkinlik deyil gözəllik üzərində qurulmasından yanayıq! Və hər zaman da bunu öz işçilərimizə aşılayırıq, eləcə də hörmətli Nurlana!",

A.Orucov bildirib ki, Nurlanın etdiyi hərəkət Kanal13-ün media etikasına uyğun deyil:

"Sizin də nəzərinizə çatdırmaq istəyirəm ki, Abid Şərifovun etdiyi hərəkətə verdiyi adekvat cavabdan sonra Nurlanla bunu kollektivdə ciddi müzakirə etdik, qınadıq və mən ona rəsmi xəbərdarlıq etdim! 

Ona görə yox ki, Nurlan onun üzərinə maşın sürdürən bir keçmiş məmura öz hərəkətiə cavab verib, ona görə ki, onun etdiyi hərəkət ona qarşı edilənə adekvat olsa da, Kanal13-ün media etikasına, kollektivimizin davranış və əxlaqına adekvat deyil! Xəbərdarlığımızı qəbul etməməsi və etirazlarının davam etdirməsi durumunda isə həmkarımızla yollarımızı ayırmaq qərarı verdik! 

Kanal13 olaraq bundan sonra da həmkarımız Nurlan Libre Qəhrəmanlıya öz peşə fəaliyyətində uğurlar arzu edir, Kanal13-dəki zəhmətinə görə təşəkkür edir və bundan sonra da kollektivimizin bir üzvü kimi bilirik: hər zaman onun etika çərçivəsindəki fəaliyyətini dəstəkləyəcəyik və ona qarşı eləcə də, bütün azad mediaya qarşı olan basqılarla birlikdə mübarizə aparacağıq! 

Və Nurlan kimi aktiv bir dostumuzla, həmkarımızla fikir ayrılığında olduğumuzdan da üzgünük! Son olaraq üzümü yenidən Abid Şərifov(lar)a tururam: sizin etdiyiniz hörmətsizliyə cavab olaraq bir gəncin etdiyi ədəbsizlik onu işsiz qoydu!

 Sizin kimi məmuru olan ölkənin mətbuat bayramı olmur, Abid müəllim!”.

 


SON XƏBƏRLƏR