Sahil Babayev nazirlik əməkdaşlarına vəsiqələr və medallar təqdim edib

17-07-2019 [15:56]
Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarına vəsiqə və medalların təqdim olunması mərasimi keçirilib.

Mia.az ƏƏSMN-ə istinadla xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, dövlət qulluğu sisteminin əhaliyə xidmətin yüksək səviyyədə təşkili və vətəndaş məmnunluğuna nail olunması prinsipləri üzərində qurulması Prezident İlham Əliyevin islahatlar proqramının əsas istiqamətlərindən biridir.

Nazir eyni zamanda, dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə Prezident tərəfindən daim böyük qayğı göstərildiyini, dövlət qulluğunda səmərəli fəaliyyəti ilə seçilən əməkdaşların dəyərləndirildiyini diqqətə çatdırıb. O vurğulayıb ki, 22 iyun 2019-cu il tarixli Sərəncamla dövlət qulluqçularının təltif edilməsi də bunun növbəti təzahürü, dövlət qulluqçularının əməyinə verilən yüksək dəyərdir.

S.Babayev təltif olunan nazirlik əməkdaşları adından göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

Sonra medallarla təltif olunmuş nazirlik əməkdaşlarına vəsiqələr və medallar təqdim edilib.


SON XƏBƏRLƏR