Azərbaycan polisi Qazaxıstanda əməliyyat keçirdi - FOTO

16-07-2019 [10:02]

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində törətdiyi ağır cinayət hadisələrinə görə 2016-ci ildən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin səkkiz maddəsi ilə axtarışda olan rayon sakini, 31 yaşlı Sərxan Əkbərov Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində tutularaq Quba RPŞ-nə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Mia.az-a verilən məlumata görə, S.Əkbərov bir qrup şəxslə birlikdə qabaqcadan əlbir olaraq 2016-ci ildə rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evlərinə qanunsuz daxil olaraq, evlərdən pul, qızıl-zinət əşyaları və elektron avadanlıqlar oğurlamaqla zərərçəkmişlərə küllü miqdarda maddi ziyan vurublar.

Bundan əlavə törətdikləri sonuncu cinayət hadisəsi zamanı ev sahibəsinin evdə olduğunu görən dəstə üzvləri, qadının əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq, ona müxtəlif bədən xəsarətləri yetirməklə evdən küllü miqdarda pul və mobil telefonunu quldurluq yolu ilə ələ keçiriblər.

Qeyd edək ki, cinayətkar dəstənin 4 üzvü, Quba rayon sakinləri Raqib Kərimov, Faiq Xanməmmədov, Aftandil Əhmədov və Afina İxiilova cinayət hadisələrinin törədilməsindən bir müddətdən sonra tutularaq məsuliyyətə cəlb olunublar.



SON XƏBƏRLƏR