Lalə Şövkətin böyük barışıq planına siyasilərdən - Reaksiya

12-07-2019 [10:51]
Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət müxaliflə iqtidarı barışdırmaq niyyətindədir.

Bunun üçün siyasi gediş etmək istəyən partiya lideri bütün siyasi kəsimi barış içərisində görmək istəyir.

Bəs müxalifə və iqtidar barışıq istəyirmi? 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Modern.az-a bildirib ki, milli həmrəyliyin olmaması millətin ziyanınadır:

"Lalə xanım tamamilə haqlıdır, iqtidarla müxalifət arasında sivil mübarizə qurulmalıdır. Əks halda, bizim düşmənçilik müstəvisində apardığımız iç mübarizə yalnız xarici güclərin xeyrinə işləyəcək. Lalə xanımın demək istədiyi odur ki, düşmənçilik rəqabətlə əvəzlənsin. Çünki bizdə hazırda iqtidar-müxalifət düşmənçiliyi var, rəqabət yoxdur”.

Ümid Partiyasının sədri İqbal Ağazadə vurğulayıb ki, siyasət üçün barışdırmaq ifadəsi düzgün sayılmır: "Çünki barış, dialoq mühiti başqa anlayışdır. Bu mühitin yaradılması bir nəfərin əlində ola bilməz. Şəxsən mən hazırda iqtidarla düşmən deyiləm, sadəcə rəqibəm. Ümumiyyətlə iqtidarla niyə düşmən olmalıyıq ki? Axı zaman gələ bilər ki, siyasi mövqeyimizdən aslı olmayaraq vahid Azərbaycan üçün eyni bayraq altında birləşə bilərik. Sabah müharibə olsa, səngərdə döyüşəsi olsaq, orada siyasi mövqenin nə əhəmiyyəti olacaq ki? Hər iki mövqe müxtəlif aspektlərdən yanaşaraq, Azərbaycanın inkişafı üçün çalışır. Yanaşma mexanizmindən asılı olaraq, iqtidar müalifətin fikri ilə razılaşmır, ya da əksinə. Bunlar seçki və rəqabət mövzusudur. Seçki mövzusunda iqtidarın yanlış olduğunu hamımız bilirik. Müxalifət də çalışır ki, bu sahədə mövqe dəyişilsin. Ümumilikdə, siyasi ortamda düşmənçilik, barışmaq fikirləri mənə görə tamamilə yanlışdır”. 

Milli Məclisin deputatı Aydın Mirzəzadə də deyir ki, iqtidar müxalifətlə düşmən deyil: "Müxalifət də cəmiyyətin bir hissəsidir. Onlar da vətəndaşlarımızın maraqlarının bir hissəsini müdafiə edir. Biz onlarla sadəcə siyasi mübarizədəyik. Demokratik cəmiyyətin birinci şərti müxtəlif fikirlərin olmasıdır. Hamı eyni cür düşünsəydi biz totalitar rejimə yuvarlanardıq. Müxalifətin fikirlərinə hörmətlə yanaşırıq, eyni zamanda, öz siyasi xəttimizi hər zaman müdafiə edəcəyik”.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı: 

"İnanmıram ki, iqtidar müxalifətin şərtlərini qəbul edə və barışıq yarana. Müxalifətin iqtidarla barışmağı üçün müəyyən şərtlər var. Bu şərtlərin birincisi və əsası odur ki, Azərbaycanda azad və demokratik seçki keçirilməsi üçün siyasi iradə ortaya qoyulsun. Korrupsiya tamamilə yox olmalıdır. Azərbaycan parlamentli respublika olmalı və Qarabağın  azad olunması üçün  bütün qüvvələr cəlb edilməldir. İctimai Palata, Müsavat Partiyası, Milli Strateji Düşüncə Mərkəzi  yol xəritəsi tərtib edib hakimiyyətə göndərmişdi. Sadaladığım şərtlərin hər biri həmin xəritədə öz əksini tapmışdı. Bu şərtlər qəbul olunsaydı, barışıq məsələsini də müzakirə etmək, ortaq mövqeyə gəlmək olardı”.


SON XƏBƏRLƏR
17:47 15.07.2019
O küləyi sevdim...