Bakıda 198 nəfəri aldadan tiinti şirkətinin rəhbərliyinin məhkəməsi gedir

img

10-07-2019 [12:09]


Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Cahangir Alışov və Habil Fətəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Ruhiyyə Rəsulova ifadə verib.

O bildirib ki, "Yüksəliş" MTK-dan ev almaq üçün təqsirləndirilən şəxslərə 33 min pul verib, amma alacağı birotaqlı mənzil başqa şəxslərə də satılıb. "Bu məbləğdən mənə yalnız 3 min manat qaytarılıb. Ev alqı-satqısı ilə məşğul olan Zaur istintaqda 3 min verib dedi ki, ona çatan bu məbləğ olub".

Təqsirləndirilən Habil Fətəliyev bildirib ki, zərərçəkmişə dəymiş ziyan ödəniləcək.

Hakim deyib ki, bir neçə aydır davam edən məhkəmə istintaqı dövründə belə vədlər verilsə də, hələlik zərərçəkmişlərdən heç biri məhkəməyə barışıq ərizəsi təqdim etməyib. Habil Fətəliyev isə 81 nəfərlə razılığa gəldiklərini deyib.

Prokuror bildirib ki, zərərçəkən şəxslər dəymiş ziyanın əvəzinə mənzil almaq üçün "Şərur MTK"ya göndərilsə də, həmin şəxslərdən əlavə ödəniş tələb edilir. Zərərçəkənlər "Yüksəliş" MTK-ya mənzilin kvadratına görə 400 manat ödəyib. "Şərur" MTK isə mənzilləri 900-1250 manata satır. Bununla da zərərçəkənlərdən 400 manatdan əlavə ödənişlər tələb edilir və belə olan halda mənzil verilir. Prokuror deyib ki, bu zərərin ödənməsi demək deyil.

Cahangir Alışov və Habil Fərzəliyevin vəkilləri bildiriblər ki, "Şərur" MTK-nın təklif etdiyi mənzillər təmirli olduğu üçün baha satılır.

Məhkəmədə iştirak edən zərərçəkmişlər "Şərur" MTK-nın təklifi ilə razılaşmadıqlarını deyiblər: "Şərur" MTK-nın 1250 manata təklif etdiyi mənzillər bizi qane etmir. Yeni Yasamalda o qiymətə ev almağa dəyməz. Camaat 1300 manata "Elmlər Akademiyası"ndan ev alır. "Şərur" MTK isə divara rəng vurub adını təmirli qoyub o qiymətə satır".

Proses davam edəcək.

Qeyd edək ki, Cahangir Alışov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı), H.Fətəliyevə isə 178.3.2 və 313-cü maddələri ilə ittiham edilir.

Cahangir Alışov "Yeni Yasamal" MTK-nın sədri olub. Habil Fətəliyev isə Cahangir Alışovun səlahiyyətli nümayəndəsi-hüquqşünas kimi fəaliyyət göstərib. İttihama görə, "Yeni Yasamal" MTK və "Yüksəliş-C" MMC-nin tikdiyi binalarda mənzillər biur neçə nəfərə satılıb. Bu cinayət işi üzrə zərərçəkən vətəndaşların sayı 198 nəfərdir.

Xatırladaq ki, Cahangir Alışovun oğlu Samir Alışov da həbsdədir. O da eyni ittihamlarla təqsirli bilinərək həbs edilib. Samir Alışov da bir evi bir neçə nəfərə satmaqda ittiham edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR