“Nazir dedi ki, icra başçısı sizi aldadır..." - Sahibkar şikayət edir

img

10-07-2019 [11:27]


Göyçay rayonundan olan sahibkar, 2-ci Ərəbcəbirli kənd sakini Həsənov Ramiz Əli oğlu ona məxsus olaan torpaqların əlindən alındığını bildirir.

Bu haqda "Yeni Sabah”a müraciət edən sahibkar deyir ki, Göyçay rayonunun Müskürlü kəndində quşçuluq fabrikinin sahibidir. 

Yem bazasının təminatı üçün o Göyçay rayonunun 2-ci Ərəbcəbirli kəndində uzun illər 20 ha torpaq sahəsində taxıl əkib. 

Lakin Mehdi Səlimzadə Göyçay rayonuna icra başçısı təyin olunandan sonra həmin torpaq əlindən alınıb: "Adını da belə qoydu ki, Göyçayda aqropark yaradılır. Çərəkə kəndində 50 hektar, Xəlitli kəndində 30 ha, Mallışıxlı kəndində 40 ha, Bəydövüldə 60 ha, Şirvan kolxozuna və 106 nömrəli Peşə Kollecinə məxsus 100 ha torpaq sahələrini aqropark yaradılması adı ilə ələ keçirib istifadə etməyə başladı. 

Mən Azərbaycan Respublikasının İqtisadiyyat Naziri cənab Şahin Mustafayevin Ağdaş rayonunda qəbuluna gedib bu barədə ondan soruşduqda cavab verdi ki, "İcra başçısı sizi aldadır, yalan deyir. Göyçayda aqropark yaradılmayıb, nə də ki, gələcəkdə belə bir plan yoxdur””.

Ramiz Həsənov deyir ki, bundan sonra o Ərəbcəbirli bələdiyyəsinə müraciət edib həmin 20 ha torpaq sahəsini qanunu qaydada ona satılması və ya icarəyə verilməsi üçün hərrac keçirilməsini xahiş edib. 

Bələdiyyə sədri Səyyaf Səmədov bildirib ki, həmin torpağın bələdiyyə torpağı kimi tanıdılması üçün bələdiyyənin vəsaiti yoxdur: "Buna görə mən öz cibimdən bələdiyyənin əvəzinə 800 manat pul ödədim ki, həmin torpaq bələdiyyə torpağı kimi tanıdılsın və hərraca çıxarılsın. Bələdiyyə sədri Səyyaf Səmədov həmin torpağın Ərəbcəbirli bələdiyyəsinə məxsus olmasına dair Əmlak Komitəsinə sənəd təqdim etməli olsa da, bunu etmədi. Sonradan mənə Əmlak komitəsindən bildirildi ki, bələdiyyə sədri Səyyaf Səmədov torpağın icarəyə verilməsi üçün hərrac keçirilməsinə etiraz məktubu yazıb, Əmlak Komitəsinə göndərib”.

Şikayətçi bildirir ki, onun qanunu qaydada özəlləşdirib, aldığı quşçuluq fabrikində çoxlu sayda insanlar işləyib ailəsinə çörək aparır: "Dövlətə xeyir verirəm, bütün bunlar göz önündədir. Amma icra başçısı buna mane olur. Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edirəm. Mən əlimdən alınan torpaqların geri qaytarılmasını istəyirəm”.

Məsələ ilə bağlı İH-nın mövqeyini dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR