Ermənilər Luvr Muzeyinin ekspozisiyasında olan Azərbaycan xalçalarını mənimsəməyə cəhd edir

img

10-07-2019 [11:17]


Azərbaycan xalçası – xalqımızın çoxəsrlik ənənələrinin təcəssümüdür, onun milli dəyəri, zəngin maddi-mədəni irsinin tərkib hissəsidir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə, qədim zamanlarda Azərbaycan torpağında yaranan bu sənət burada neft aşkar olunanadək məşhurlaşmışdı. 

Hələ orta əsrlərdə Avropanı özünə cəlb etmiş, bir çox rəssamların əsərlərində öz əksini tapmışdır.  Bakıda, Şirvanda, Gəncədə, Qazaxda, Naxçıvanda  və Azərbaycanın digər regionlarında toxunan xalçalar  eyniadlı xalça məktəblərinin yaradıcılıq məhsuludur.

Bu gün Azərbaycan xalçası xalqımızın mənəvi dünyasını əks etdirir. Xalçamız Parisdə "Luvr", Londonda "Viktoriya və Albert", Nyu-Yorkda "Metropoliten" və s. kimi bir çox məhşur muzeylərin, şəxsi kolleksiyaların bəzəyinə çevrilib.  Bu xalçaların hər birinin öz "səyahət" tarixçəsi var. Onların bəziləri sadəcə "oğurlanıb"!

Söhbət oğurluqdan düşdüsə, qeyd etmək yerinə düşər ki, gözü daima havayı qazanc axtaran ermənilərin ən mühüm hədəflərindən biri də Azərbaycan xalçasıdır.

Onlar öz ənənələrinə sadiq qalaraq, Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil olunan "Azərbaycan mədəni irsi Luvr Muzeyində" adlı sərgisinin açılışından "yararlanmaq" məqsədilə "qədim erməni xalçaları"nı xatırlayıblar.

Erməni mətbuatı öz ənənələrinə sadiq alaraq sərgidə nümayiş olunan 3 xalça üzərində xaç işarələrini əsas götürərək  onları "erməniləşdirməyə" cəhd göstərir.

Ermənilər xalçanı "hələ e.ə. II əsrdən toxuyublar", "carpet beynəlxalq sözü əslində erməni sözüdür" kimi cəfəng fikirlər səsləndirən ermənilərin bu iddiasına o qədər də təəccüblənmək lazım deyil.

Əslində vəziyyət  necədir?

Biz vəziyyətə aydınlıq gətirmək üçün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Xalçaşünaslıq" sektorunun müdiri, xalçaçı-ekspert, tarix üzrə elmlər doktoru, professor Vidadi Muradova müraciət etdik.

Vidadi Muradov dedi ki, Azərbaycan xalçaları Azərbaycan tarixinin tərkib hissəsidir. Xalçalarımız tariximizlə, etnoqrafiyamızla, mədəniyyətimizlə həmyaşıddır. Xalçanı yaratmaq hər xalqın istedadı deyil. Xalçanı toxumaq isə hələ onu yaratmaq demək deyil. Xalçanı yaratmaq – onun xammalının (yununun, ipəyinin, boyağının), naxışlarının, elementlərinin seçilməsi, kompozisiyalarının formalaşdırılması, inkişaf etdirilməsi, qorunması və təbliği, öyrədilməsi deməkdir. Azərbaycan türkləri dünyanın məhz belə istedadlı xalqlarındandır. Qafqazda xalçaçılığın xalqımızla bağlılığı danılmaz faktdır. Xalçaçılıq Azərbaycanın təbiəti ilə, əhalimizin təsərrüfat imkanları ilə, xalqımızın təkcə xalçaçılıqda deyil, müxtəlif sənət sahələrində nümayiş etdirdiyi istedadı və bacarığı ilə bağlıdır.

Azərbaycan xalçaçısı Azərbaycan xalçasını öz təfəkkürü, dünyagörüşü, mifologiyası ilə bağlı olan naxışlarla, ornamentlərlə toxuyub. Böyüklü-kiçikli bütün elementləri türklükdən qaynaqlanan, türk boylarının rəmzlərindən, işarələrindən ibarət olan Azərbaycan xalçasına ermənilərin qarşı iddiası cəfəngiyyatdan başqa bir şey deyildir. Zənnimcə, dünyamız qarşılıqlı elmi, mədəni, siyasi, iqtisadi mübadilə üzərində köklənibsə, ermənilər də tarixən bu mübadilədən "kifayət qədər" yararlandıqlarını, xalça toxumağı (və yalnız toxumağı!) Azərbayan türklərindən öyrəndiklərini artıq etiraf etməli, yersiz hədə-qorxulara, xalçalarımız üzərində əsassız "erməni xaçı", uydurma Artsax dövlətinin sərhədləri və bu kimi erməni simvolizmləri axtarışlarına son qoymalıdırlar.

Dünyanın ən məşhur muzeylərində, kolleksiyalarında qədim Azərbaycan xalçaları və xalça məmulatları nümayiş olunur. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Luvr Muzeyindən ölkəmizə gətirilən bu üç xalça XVIII əsrin sonu – XX əsrin əvvəllərinə aid  Qarabağ xalçaçılıq ənənələrini əks etdirir. Bunlardan ikisi inkişafı bilavasitə Azərbaycan xalçaçılığı ilə əlaqədar olan "Əjdahalı" xalçasının törəmələri, biri isə tarixən aran Qarabağda, daha doğrusu, Ağdamın Şıxbabalı kəndində toxunan xalçadır. Göstərilən tarixi mərhələ Azərbaycan xalçaçılığının ən məhsuldar dövrlərindəndir. XVIII əsrin sonundan etibarən Azərbaycanda bu və digər xalça çeşniləri əsasında böyük ustalıqla saysız-hesabsız xalçalar toxunub. İndi də bu tarixi ənənə uğurla davam etdirilir, yaşadılır, xalçaçılıq nəinki mədəniyyətimizin, eyni zamanda iqtisadiyyatımızın da aparıcı sahələrindən birinə çevrilir. Biz azərbaycanlılar xalçaçılığı heç bir səs-küy olmadan, əlavə canfəşanlıq göstərmədən, "bizimdir, bizimdir!" deyərək yox, xalçaya xalçaçı kimi yanaşaraq yaşadırıq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR