Əliyev Tuskla görüşdü: "Avropa ərazi bütövlüyünü dəstəkləyir, Qarabağın həlli isə..." - FOTOLAR

img

09-07-2019 [15:08]


Bu gün Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə təkbətək görüşü olub.

Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Təkbətək görüş başa çatdıqdan sonra Prezidentin Donald Tuskla işçi lanç çərçivəsində geniş tərkibdə görüşü olub.

Təkbətək görüşdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:

-Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi ölkəmizdə görməyə çox şadıq. Mən sizin Azərbaycana bundan əvvəlki səfərinizi xatırlayıram. O vaxtdan bu yana Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər uğurla inkişaf edib.

Biz çox sayda görüş keçirmişik və çox uğurla inkişaf edən əməkdaşlığımızla bağlı geniş spektrli məsələləri müzakirə etmişik. Bu, çox sahələri əhatə edir və biz tərəfdaşlığımızı yeni səviyyəyə yüksəltməyə nail olmuşuq.

Əminəm ki, səfər çox uğurlu olacaq. Əlbəttə ki, biz gündəliyimizdə duran məsələləri müzakirə edəcəyik və Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək əməkdaşlığı planlaşdıracağıq. Əminəm ki, qarşıdakı illərdə biz tərəfdaşlığın müsbət məcrada inkişafını davam etdirəcəyik, bu da Azərbaycanın maraqlarına xidmət edir. Ümidvaram ki, uğurla həyata keçirdiyimiz bütün layihələr yaxşı nəticələr verəcək. Bir daha xoş gəlmisiniz. Sizə ölkəmizdə xoş vaxt keçirməyi arzulayıram.


x x x

Avropa İttifaqı Şurasının Prezidenti Donald TUSK dedi:

-Təşəkkür edirəm, cənab Prezident! Sizin qonağınız qismində burada - Bakıda, Azərbaycanda olmaq hər zaman böyük məmnuniyyətdir. Bu, yəqin ki, mənim Avropa İttifaqı Şurasının Prezidenti qismində Bakıya son səfərimdir. Mənim niyyətim Avropada bizim hamımız üçün Sizin ölkənizlə mümkün qədər ən yaxşı əlaqələrə sahib olmağın nə dərəcədə mühüm olduğunu vurğulamaqdan ibarətdir. Mənim mesajım tamamilə aydındır.

Mən bizim əlaqələrimizə gəldikdə, Sizin şəxsi rolunuzun, şəxsi iştirakınızın nə dərəcədə əhəmiyyətli olduğunu bilmənizi istəyirəm. Mən Sizin səylərinizi həqiqətən qiymətləndirirəm. Siz hər zaman çox konstruktivsiniz və Sizin çox müsbət və konstruktiv rolunuz sayəsində bizim görüşlərimiz də olduqca səmərəli keçir. Bir daha təşəkkür edirəm, cənab Prezident!

***

 Prezident İlham Əliyevlə görüşün yekununda Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk deyib ki, Avropa İttifaqı və Azərbaycan ildən-ilə daha da yaxınlaşır: "Əlaqələrimiz daha da aktivləşib və bugünkü səfərim buna daha bir bariz nümunədir".

D.Tusk xatırladıb ki, 2018-ci ildə Aİ və Azərbaycan tərəfdaşlıq prioritetlərini təsdiq ediblər.

"Vahid aviasiya məkanı barədə Saziş, eləcə də Aİ ilə Azərbaycan arasındakı yeni saziş üzrə danışıqlarımız başa çatmaq üzrədir. İqtisadiyyatlarımız bunlardan faydalanacaq, siyasi, işgüzar və mədəni əlaqələrimiz isə daha da dərinləşəcək. Təbii ki, sözün əsl mənasında bizi birləşdirən Cənub Qaz Dəhlizi layihəsini də unutmamalıyıq. Bu müsbət təkan tərəfdaşlığımızı daha da yüksək səviyyəyə çıxarmalıdır", - D.Tusk bildirib.

Avropa İttifaqı Şurasının prezidenti həmçinin qeyd edib ki, Azərbaycan özünü nəqliyyat-logistika mərkəzinə çevirmək üçün ciddi addımlar atıb.

"Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir", - deyən Tusk  bildirib ki, Azərbaycan unikaldır: "Siz ənənəni və müasirliyi birləşdirirsiniz. Bugünkü mürəkkəb geosiyasi landşaftda strateji mövqeyinizə görə həm Şərqə, həm də Qərbə baxırsınız".

Tusk "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur, yalnız beynəlxalq hüququn prinsiplərinə uyğun siyasi yolla həll oluna bilər”, - deyə qeyd edib ki, Avropa İttifaqı Minsk qrupu həmsədrlərinin Helsinki Yekun Aktının başlıca prinsiplərinə əsaslanan ədalətli və dayanıqlı çözümə yönələn səylərini hərtərəfli dəstəkləməyə davam edir: "Bütövlüklə gərginliyin səngiməsindən razıyıq, amma təmas xəttindəki son ölümlərdən həmsədrlər kimi biz də narahatlıq keçiririk. Sülhə yol açan, səmərəli danışıqlar üçün zəmin yaradan ab-havanın bərpası ilə yanaşı, təmkinli olmaq da mühümdür. Aİ də sülhün bərqərar olunmasına dair addımları dəstəkləyərək əhalini barışığa hazırlamaqla bağlı konkret tədbirlərə dəstək verməyə hazırdır”.


 Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR