Vilayət Eyvazov açılışda: "Əminəm ki..." - FOTO

img

08-07-2019 [14:43]


Xaçmaz Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov açılışda iştirak edib.

Tədbir iştirakçılarına binada yaradılan şərait barədə məlumat verilib.

Qeyd olunub ki, tikintisinə ötən ilin oktyabrında başlanılan dördmərtəbəli inzibati bina ən müasir standartlara uyğun inşa edilib, bütün zəruri avadanlıq, kommunikasiya və texniki qurğularla, mebel və inventarla təmin olunub.

Binada havalandırma, qazanxana sistemi və rabitə-kommunikasiya xətləri quraşdırılıb, digər yardımçı sahələr yaradılıb. Şöbənin həyətində polis əməkdaşları üçün yeni yeməkxana tikilərək istifadəyə verilib. Ərazi hasarlanıb, abadlıq, yaşıllaşdırma və işıqlandırma işləri yerinə yetirilib.

General-polkovnik Vilayət Eyvazov və tədbirdə iştirak edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev növbətçi hissəyə, xidməti otaqlara və digər yardımçı sahələrə baxıb, ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olublar.

DİN rəhbəri görülən işləri yüksək qiymətləndirib, Xaçmaz polisinin fəaliyyəti üçün hər cür şəraitin yaradılmasından məmnunluğunu bildirib, tövsiyələrini verib.

Nazir vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daxili işlər orqanlarının ictimai qaydanın qorunmasında, cinayətkarlıqla qətiyyətli mübarizədə, dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında, insan hüquq və azadlıqlarının təminində müstəsna rolunu hər zaman yüksək qiymətləndirir, onun lazımi texniki vasitələr və avadanlıqla təchizatına xüsusi diqqət yetirir: "Məhz belə ali diqqət və qayğı sayəsində Daxili İşlər Nazirliyi müasir tələblərə cavab verən texniki və xüsusi vasitələrlə təmin olunub, şəxsi heyətin iş, həmçinin sosial-məişət şəraiti ilbəil yaxşılaşır".

Daxili İşlər naziri əmin olduğunu bildirib ki, Xaçmaz Rayon Polis Şöbəsinin şəxsi heyəti bu diqqət və qayğıya layiqli xidməti ilə cavab verəcək, rayonda sabitliyin, əmin-amanlığın nümunəvi qorunmasına və cinayətkarlıqla qətiyyətli mübarizə işinə töhfə verəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR