Latviyanın Yekabpils şəhərində Azərbaycan guşəsinin açılışı olub - FOTOLAR

img

08-07-2019 [11:49]


350 illik tarixi olan Yekabpils şəhəri Latviyanın iri şəhərlərindən biri hesab olunur və geniş əlaqəli beynəlxalq əməkdaşlıq aparır.

Mia.az xəbər verir ki, bayram tədbirləri çərçivəsində şəhər sakinlərinin sevimli istirahət yeri olan Dauqava çayının sahilindəki xiyabanda ölkəmizə aid guşənin açılışı olub. 

Azərbaycan guşəsinin açılış mərasimində Bakı Şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti, Yekapils şəhərinin meri Ayvars Karps, Yekapils şəhərinin qardaşlaşdığı digər şəhərlərin rəhbərləri, Latviya ictimaiyyətinin nümayəndələri iştirak edib.

Xatırladaq ki, Yekabpils şəhəri ilə Suraxanı rayonu Qaraçuxur bələdiyyəsi 2012-ci ilin 15 avqustunda imzalanmış qarşılıqlı əməkdaşlıq protokoluna əsasən qardaşlaşıb. Bu günə qədər Yekabpils şəhərinin qardaşlaşdığı yeddi şəhərdən dördünün - Almaniyanın Melme, Belarusiyanın Lido, Polşanın Sokolov-Podlaski və Çervonika Lesçayna şəhərlərinin şərəfinə istirahət guşələri yaradıldılıb. Xüsusi tərtibatla salınmış istirahət guşələrində həmin şəhərlər və mənsub olduqları ölkələr haqqında məlumatlar öz əksini tapır. Məlumatlar latış, rus, ingilis və həmin ölkələrin dilindədir.

Özünəməxsusluğu ilə seçilən növbəti, beşinci guşə isə Azərbaycana həsr olunub. Guşədə Azərbaycan, Bakı və Suraxanı haqqında məlumat latış, rus, ingilis və azərbaycan dillərində yerləşdirilib. Guşənin yanında Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinə istiqamətlənmiş nişan da quraşdırılıb.

Açılış mərasimində Yekapils şəhərinin meri Ayvars Karps çıxış edərək Bakı şəhərinin Suraxanı rayonu ilə səmərəli əməkdaşlıq etdiklərini, müntəzəm qarşılıqlı səfərlər zamanı Azərbaycanda müşahidə etdikləri sosial-iqtisadi inkişafdan danışıb və yeni salınan sayca beşinci istirahət guşəsinin məhz Azərbaycana həsr edilməsini böyük məmnunluqla qeyd eedib, Dauqava çayının sahilindəki xiyabanda dostluğun simvolu olan Azərbaycana həsr olunmuş guşənin yaradılmasının əlamətdar hadisə olduğunu bildirib.
 
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov belə bir guşənin yaradılmasına görə şəhər meriyasına minnətdarlığını bildirərək bu təşəbbüsün ölkələrimiz və şəhərlərimiz arasında əməkdaşlığın güclənməsinə növbəti bir töhfə olduğunu qeyd edib. İlqar Abbasov öz çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi sosial-iqtisadi nailiyyətlərdən danışmış, şəhərlərimizin, o cümlədən Bakının daha da gözəlləşməsini xüsusi qeyd edib. Bildirib ki, istirahət guşəsində Azərbaycanın qədim tarixi abidələrinin, yeni əzəmətli tikililərinin görüntülərinin əks olunması ilə yanaşı ölkəmiz haqqında məlumatın verilməsi Yekabpils sakinlərində ölkəmizə qarşı xüsusi maraq yaradacaq.

Daha sonra tədbir iştirakçıları Azərbaycan guşəsində xatirə şəkilləri çəkdirib.

Açılış mərasimində Azərbaycan Respublikasının Latviya Respublikasında səfirliyinin birinci katibi Tural Rəhimov iştirak edib.




Digər xəbərlər
SON XƏBƏRLƏR