Fazil Mustafadan Mehriban Əliyevanın qərarına şərh: "Bu, iqtidara böyük nüfuz gətirən ən ciddi faktorlardan biridir"

img

06-07-2019 [12:28]


Milli Məclisin üzvü Fazil Mustafa Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın son bir ayda vəfat edən eks-prezident xanımlarıyla bağlı qərarlarını təqdir edən status yazıb.

Xatırladaq ki, M. Əliyevanın göstərişiylə mərhum prezident Əbülfəz Elçibəyin və eks-prezident Ayaz Mütəllibovun vəfat edən xanımlarının dəfn və mərasim xərclərini Heydər Əliyev Fondu ödəyib.

Mia.az xəbər verir ki, Həlimə Əliyevanın vəfatı zamanı Birinci-vitse prezidentin jestini yüksək dəyərləndirən deputat Fazil Mustafa eyni münasibəti Ədilə Mütəllibovaya da göstərdiyinə görə, Mehriban Əliyevaya təşəkkür edib.

Fazil Mustafa yazıb: "Azərbaycanın birinci vitse-prezidenti hörmətli Mehriban xanımın keçmiş prezident Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə xanımın vəfatı ilə bağlı yüksək insanpərvərlik sayıla biləcək davranışı siyasi baxışından və statusundan asılı olmayaraq heç də hər şeyin insan münasibətlərindən üstün ola bilməyəcəyi düşüncəsini cəmiyyətə aşılamağa xidmət edir.

Bundan öncə də keçmiş prezident Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanımın vəfatı ilə bağlı atdığı hər cür tərifəlayiq addım kimi, bu davranış da cəmiyyətdə həqiqətən təqdirlə qarşılanır. Artıq Azərbaycan cəmiyyətində siyasi münasibətlərin gərginliyini azaltmaq zərurəti hamımızı düşündürməlidir.

Yuxarıda qeyd etdiyim bu iki nümunə insanlarımız üçün ciddi bir düşüncə dəyişiminə çağırış kimi də anlaşıla bilər. Siyasi mübarizənin gərginliyi fonunda bir millətin övladları arasında insanı münazibətlərin zədələnməsinə, dəyərlərin aşılanmasına qətiyyən yol vermək olmaz. Bir çox hallarda bir qrup insanlar hakimiyyətin isti yanaşmadığı keçmiş vəzifəli və ya tanınmış şəxslərin yas mərasimində iştirak etməkdən çəkinirlər.

Eyni hal müxalifətdə olan insanların da ağır günlərində müşahidə olunur. İnsanların sevinc və ya kədərinin siyasiləşdirilməsinə qətiyyən yol vermək olmaz. Mehriban xanımın son iki davranışının Azərbaycanda formalaşan bəzi mənfi mentallığın dəyişməsində böyük əhəmiyyəti olacağını düşünürəm. Bu, həm də Azərbaycan iqtidarına böyük nüfuz gətirən bəlkə də ən ciddi faktorlardan biri sayıla bilər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR