Bu partiya sədrləri AŞPA-nın həmməruzəçisi ilə bir araya gəldi - Görüş

04-07-2019 [15:36]

Bu gün Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennakla görüşüblər.

Mia.az Milli Məclisə istinadla xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev iştirak ediblər.

YAP icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qonaqları salamlayaraq bu cür görüşlərin fikir mübadiləsi aparılması baxımından əhəmiyyətli olduğunu söyləyib.

Qeyd edilib ki, Azərbaycan AŞPA ilə əlaqələrə böyük önəm verir və gələcəkdə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir. Deputatlarımız təşkilatın keçirdiyi müxtəlif tədbirlərdə fəal iştirak edir, qurum çərçivəsində müzakirəyə çıxarılan məsələlərə obyektiv münasibət bildirirlər. 

Görüşdə siyasi partiyaların rəhbərləri ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətləri barədə məlumat verdilər, qanun yaradıcılığı prosesində aktiv iştirak etdiklərini  söyləyiblər.

Deputatlar Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini açıqlayıblar.

AŞPA Monitorinq komitəsinin Azərbaycan üzrə həmmərzəçisi Stefan Şennak səmimi qəbul üçün minnətdarlığını bildirərək, səfər çərçivəsində keçirdiyi görüşlərdən və apardıqları danışıqlardan bəhs edib. Bildirilib ki, AŞPA Azərbaycanda gedən demokratik prosesləri diqqətlə izləyir və ölkəmizlə əməkdaşlığın möhkəmlənməsində maraqlıdır.

Söhbətdə Azərbaycan və Avropa Şurası arasında münasibətlər, monitorinq prosesinin gedişi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



SON XƏBƏRLƏR