İstanbulda azərbaycanlı rəssamların sərgisi açılıb

03-07-2019 [14:33]
Türkiyənin İstanbul şəhərində azərbaycanlı rəssam Aynur Paşayeva və onun 14 yaşlı qızı Məryəm Paşalının sərgisi açılıb. 

"Report"un Türkiyə bürosu xəbər verir ki, "İncə əllər” adı ilə rəsmsevərlərə təqdim olunan sərgidə nümayiş olunan əsərlərin bir hissəsi Azərbaycan-Türkiyə qardaşlıq mövzusunu əhatə edir. 

Vətən və xalq sevgisini, humanizm hisslərini tərənnüm edən əsərlərin nümayiş olunduğu sərgidə Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun nümayəndələri, bu şəhərdə yaşayan və işləyən soydaşlarımız və başqaları iştirak ediblər. 

Sərgidə hər iki rəssamın yüzdən çox əsəri nümayiş etdirilib. 

A.Paşayeva rəsmlərində qızıl suyu ilə çox incə işləmələrlə canlandırdığı Azərbaycan dastanlarında aşiq və məşuq arasında xəyali əlaqə rolunu oynayan Buta simvolunun sirli dünyasına həyat verdiyini deyib. M.Paşalı isə bildirib ki, impossibilizm üslubda, yağlı boya və fırçası ilə həyat verdiyi rəsmlərdə qadın obrazını canlandırmağı çox sevir. O deyib ki, Azərbaycandan uzaqda olsa da, Bakının gözəlliklərini təsvir etməkdən zövq alır. Rəssam yaxın gələcəkdə Bakıda keçiriləcək fərgi sərgisinə hazırlaşdığını da vurğulayıb.

Sərgi iyulun 4-dək davam edəcək. 


SON XƏBƏRLƏR