Bakıda “Sosial müdafiə və Dayanıqlı İnkişaf” mövzusunda konfrans başlayıb

img

03-07-2019 [13:34]


Bakıda "Sosial müdafiə və Dayanıqlı İnkişaf” mövzusunda iki günlük konfrans keçirilir.

"Report” xəbər verir ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, məşğulluq üzrə mütəxəssis Vesna Dzuteska Bişeva, Beynəlxalq Əməkdaşlıq Təşkilatının Bakı ofisinin milli əlaqələndiricisi Yaşar Həmzəyev və başqaları iştirak ediblər.

M.Kərimli bildirib ki, sosial müdafiə tədbirləri dayanıqlı inkişaf məqsədlərində əhatə olunan hədəflərlə birbaşa bağlıdır: "Azərbaycan hökuməti və sosial tərəfdaşlarımız sosial müdafiə siyasətinə məhz Dayanıqlı İnkişaf gündəliyi çərçivəsində baxır.Azərbaycan hökumətinin hazırda həyata keçirdiyi sosial müdafiə siyasətinin başlıca hədəfi göstərilən xidmətlərin və əhalinin həyat keyfiyyətinin artırılmasıdır. Əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı çoxşaxəli tədbirlər həyata keçirilir”.

O qeyd edib ki, son zamanlar sosial müdafiə sahəsində həyata keçirilən islahat tədbirləri 4 milyon 200 min nəfər vətəndaşı əhatə edib: "Builki islahat tədbirləri vasitəsilə minimum əmək haqqının məbləği 93 faiz artırılıb. Bu artım Azərbaycanı alıcılıq prioriteti üzrə MDB məkanında ikinci yerə çıxarır. Bundan başqa, bu artım həm də orta aylıq əmək haqqının təxminən 15 faiz artırılmasına səbəb olacaq, pensiyanın minimum məbləği isə 72 faiz artacaq”.

M.Kərimli onu da əlavə edib ki, özünəməşğulluq proqramından hazırda 10 min vətəndaş yararlanır: "Hər il bu sayda işsiz və işaxtaran məhz hökumətin dəstəyi ilə öz biznesini qurur, müstəqil olaraq iqtisadi proseslərə qoşulur”.

Daha sonra konfrans mövzu ətrafında çıxışlarla davam edib. Konfransın sabahkı gündəliyində sosial müdafiə informasiya idarəetmə sistemləri barədə iştirakçılara geniş məlumat veriləcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR