Baş Nazir: "Qazaxıstan Azərbaycanın iştirak etmədiyi təşkilatlarda, tədbirlərdə ölkəmizin mövqeyini müdafiə edir"

img

02-07-2019 [15:32]


Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov iyulun 2-də Qazaxıstan Respublikasının Baş Nazirinin müavini xanım Gülşara Abdıkalıkova ilə görüşüb.

Bu barədə "Report"a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Novruz Məmmədov UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətindən danışaraq dost ölkələr olan Azərbaycan ilə Qazaxıstanın bu təşkilat çərçivəsində də fəal əməkdaşlıq etdiklərini diqqətə çatdırıb. Tarixən qardaş ölkələrimiz, xalqlarımız arasında çox sıx əlaqələrin mövcud olduğunu bildirən Baş Nazir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Qazaxıstan xalqının lideri Nursultan Nazarbayevin bu münasibətlərin möhkəmləndirilməsində mühüm xidmətlərinin olduğunu vurğulayıb. "Bizim ölkələrimiz arasında müxtəlif sahələrdə çox yaxşı əlaqələr mövcuddur. Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar çərçivəsində də çox sıx əməkdaşlıq edirlər. Qazaxıstan Azərbaycanın iştirak etmədiyi təşkilatlarda, tədbirlərdə daim bizim ölkəmizin mövqeyini müdafiə edir. Hesab edirəm ki, bu, ölkələrimiz arasındakı dostluğun təzahürüdür və digər dövlətlər üçün də yaxşı nümunə ola bilər ”,- deyə, Novruz Məmmədov vurğulayıb.

Baş Nazir Novruz Məmmədov yüksək səviyyəli qarşılıqlı səfərlərin iki ölkə arasındakı münasibətlərin genişləndirilməsi baxımından önəmli olduğunu vurğulayraq xanım Gülşara Abdıkalıkovanın Azərbaycana səfərinin UNESKO çərçivəsində, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.

Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Baş Nazir Qazaxıstanın ölkəmizin ədalətli mövqeyinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Qazaxıstanın Baş Naziri Askar Maminin salamlarını çatdıran Gülşara Abdıkalıkova deyib ki, dost ölkələr olan Azərbaycan ilə Qazaxıstan arasındakı əlaqələr strateji xarakter daşıyır. "Bizim ölkələrimiz arasında çox səmərəli əməkdaşlıq əlaqələri var. Biz hər zaman qarşılıqlı olaraq bir-birimizin maraqlarını müdafiə edirik. Əminəm ki, bu münasibətlər gələcəkdə daha da inkişaf edəcək”,- deyə Baş Nazirin müavini vurğulayıb.

Novruz Məmmədov Askar Maminə salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarının Qazaxıstanın Baş Nazirinə çatdırılmasını xahiş edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR