"İcra başçısına dövlət hesabına çox bahalı maşının alınması nonsensdir" - Deputat və ekspertdən reaksiyalar

02-07-2019 [10:41]
"Şəhərdəki icra başçısına bahalı maşın olar, rayondakına yox, bu, yanlış bir yanaşmadır. İcra başçısı icra başçısıdır, fərqi yoxdur”.

Mia.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında millət vəkili Fazil Mustafa Kəlbəcər icra başçısının qalmaqal yaradan bahalı maşın tenderi ilə bağlı danışarkən deyib.

Deputat bildirib ki, ümumilikdə qiymət bu qədər yüksək olmamalıdır: "Bütün icra başçıları üçün bahalı maşın anlayışından imtina etmək lazımdır. Kəlbəcər rayon icra başçısının da avtomobilə ehtiyacı var, çox sayda rayonlara səpələnmiş kəlbəcərli qaçqın və məcburi köçkünlər var, onlarla əlaqə saxlamalıdır. O baxımdan keyfiyyətli maşını olmalıdır. 

Ancaq bir rayonun timsalında bunu götürmək olmaz, bütün rayon və şəhərlərə aid edilməlidir. Bahalı olmayan maşınlara üstünlük vermək lazımdır, çünki onlar dövlət büdcəsindən ayrılan vəsait hesabına alınır”.

İqtisadçı ekspert Natiq Cəfərli isə "bu məsələnin ən çox qıcıq doğuran tərəfi işğal altında olan bir rayonun icra başçısının büdcə vəsaiti hesabına bahalı avtomobil  almağa pulu çatırsa, o vəsaiti məcburi köçkünlərin həyat səviyyəsinin yüksəlməsi ilə bağlı işlərə sərf edə bilərdi” - deyə vurğulayıb: 

"O baxımdan bu məqam ciddi insanlar tərəfindən də qıcıqla qarşılandı. Çünki icra hakimiyyətinin büdcəsindəki əlavə vəsaitin vətəndaşlara xidmətə yönəldilməsi daha yaxşı olardı. Bir çox ölkələrdə isə ümumiyyətlə, Rusiya ərazisində istehsal olunmayan avtomobillərin dövlət satınalmaları yolu ilə alınması qadağandır. Doğrudur, Rusiya ərazisində təxminən 11-ə yaxın Avropa və Amerika şirkəti var ki, ölkə daxilində istehsal həyata keçirilir. Avtomobil alınması üçün ayrılan vəsaitin bir hissəsi məhz Rusiyada qalır, həmin şirkətlərdə işləyən Rusiya vətəndaşlarının maaşına ödənilir, vergi formasında  büdcəyə qayıdır”.

N.Cəfərli onu da vurğuladı ki, başqa ölkələrdə satınalmalarda qiymət məhdudiyyətləri var: 

"Azərbaycanda da qiymət məhdudiyyətlərinin qoyulması daha məqsədəuyğun olardı. Azərbaycanda da Neftçalada avtomobil istehsal olunsa da, onun bütün detalları xaricdən gətirilir. Bu, istehsal sayılmır. 

Ən azından qanunvericilikdə qiymət məhdudiyyətlərinin qoyulması daha doğru olardı. Məmurun tutduğu vəzifədən və ranqından asılı olaraq, bir qiymət şkalası müəyyən oluna bilər. Limit müəyyən edilə bilər ki, hansı ranqlı məmur hansı qiymətə qədər avtomobil ala bilər. Bəzən çox yüksək vəzifəli məmurlara təhlükəsizlik baxımından gülləkeçilməz, daha dözümlü, daha dayanıqlı avtomobillərin alınması mümkündür. Ancaq bir rayonun icra başçısına dövlət hesabına çox bahalı maşının alınması nonsensdir. Onun nə vəzifəsi, nə də gördüyü işlər bu maşına adekvat deyil. Ona görə də qanunda belə bir məhdudiyyətin qoyulması daha doğru yanaşma olardı”.


SON XƏBƏRLƏR