Səfir: “Bakıda başlayan Avropa Oyunları ənənəsi davam edəcək” - MÜSAHİBƏ

28-06-2019 [18:53]
Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov "Minsk 2019” II Avropa Oyunları barədə təəssüratlarını bölüşüb.

Səfir "Report”un Belarus paytaxtına ezam olunmuş əməkdaşının da suallarını cavablandırıb.

- "Minsk-2019” II Avropa Oyunları necə keçir?

- Avropa Oyunlarının gedişi bizi sevindirir. Önəmli olan budur ki, Azərbaycanda başlayan proses özünün davamını tapıb. Keçən günlər ərzində insanların bu idman yarışlarına olan marağın yüksək olduğunu gördük. Bu o deməkdir ki, Bakıda başlayan ənənə davam edəcək. Ən önəmli olan budur. Narahat dünyamızda sülhə, bərabərliyə, qardaşlığa böyük ehtiyac var. İdman sülhün carçısı və təmsilçisidir. Bu proses insanları bir-birinə yaxınlaşdırır və daha yaxın edir. Pisliyi, nifrəti unutmağa çalışdırır. Ona görə də Bakıda başlayan və cənab prezidentimiz İlham Əliyevin başlatdığı ənənənin uğurla davam etməsi bu nöqteyi nəzərdən bizi çox sevindirir.

- Minskdə Azərbaycan günü keçirilməsində səfirliyin nə kimi rolu oldu?

- Bu ənənə, fan-zonadakı konsert proqramı Azərbaycanla başlanıldı. Tünzalə Ağayeva ölkəmizi yüksək səviyyədə təmsil etdi. Bizim çadırımız burada son günlərdə görsənən çadırların arasında ən çox fərqlənən və daha çox özünə iştirakçı cəlb edən çadırlardan idi. Azərbaycanın çox sayda şirniyyat məhsulları, mədəniyyət və incəsənət nümunələri həmin çadırda nümayiş olundu. Bu baxımdan buradakı yerli vətəndaşları və əcnəbiləri özünə cəlb elədi. Bizim çadır çox maraqlı idi və orijinallığı ilə seçilirdi. Bu çadırın hazırlanmasına həm Gənclər və İdman Nazirliyini, həm də Mədəniyyət Nazirliyini cəlb eləmişdik. Ona görə də, səfirliklə birlikdə uğurlu və son dərəcə maraqlı ekspozisiya düzəldə bilmişdik. Bu, xalqımız haqqında yetərincə təsəvvür yaratmağa imkan verirdi.

- "Minsk 2019”un Əməliyyat Komitəsində çalışan azərbaycanlılar da var. Bizim təcrübəmiz onlara nə qədər fayda verir?

- Bizim Bakıdakı təcrübəmizi yarışlar başlayana qədər belaruslularla bölüşdük. Onlar da bizə çox minnətdar olduqlarını bildirdilər. Qeyd etdilər ki, Azərbaycan bizə mümkün olan hər bir dəstəyi verdi. Azərbaycandan gələn xüsusi qrup var idi. Həmin təşkilat məsələlərində yaxından köməklik göstərdilər. Hazırda da təşkilatçılıq işlərində azərbaycanlılar iştirak edir. Azərbaycandan Minskə çox samballı nümayəndə heyəti gəlmişdi. Milli Məclisin sədri Oktay Əsədov açılışda iştirak etdi. Baş Nazirin birinci müavini Yaqub Eyyubov da burada idi. Açılış mərasiminə Leyla xanım Əliyeva da qatılmışdı. Kifayət qədər nüfuzlu nümayəndə heyətimiz var idi. Belarus tərəfi də minnətdarlıq bildirdi ki, biz hər bir mərhələdə, oyunların həm açılışında, hazırlıq mərhələsində və gedişində onlara yaxından kömək etdik. Bu da təbiidir. Çünki bizim dövlətlərimiz arasında son dərəcə qardaşlıq və dostluq münasibətləri var. Prezidentlər arası münasibət isə dövlətlər arası münasibətə nümunə olan bir örnəkdir. Ona görə də Azərbaycana burada xüsusi hörmət və diqqət var. Burada bizim Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti iştirak edir. MOK-dan xüsusi heyət də qatılmışdı. Azərbaycan Velosiped İdmanı Federasiyanın vitse-prezidenti Sahib Ələkbərov da Minskdə idi. O, Avropa təşkilatının rəhbər üzvlərindən biri kimi burada müşahidə prosesində iştirak edirdi. Düşünürəm ki, Azərbaycan idmanı düzgün yoldadır və inkişaf edir. Bizim beynəlxalq aləmdə nüfuzumuz artır. Mədəniyyət, incəsənət və idman dünyada ölkələrin nüfuzunu müəyyənləşdirən düzgün istiqamətdir. Ölkəmizdə aparılan siyasət də məhz buna xidmət edir. Ölkəmizi və onun problemlərini çatdırmaq baxımından son dərəcə vacibdir. Bu proses uğurla həyata keçirilir.

- Belarusda nə qədər azərbaycanlı var və onların bu yarışa marağı necədir?

- Rusiyadakı qədər deyil. Rəsmi qeydiyyatda olan 3 mindir. Qeyri rəsmi isə 8-10 min arasında azərbaycanlı yaşayır.

- Onlar əsasən nə ilə məşğuldur?

- Əsasən ticarət, kommersiya sahəsində çalışırlar.

- Yüksək vəzifədə işləyənlər varmı?

- Bəli. Bir neçə nəfər var. Tikinti və kommersiya sahələrində yüksək vəzifələrdə çalışanlar var. Lakin olan azlıq təşkil edir.

- Belarus Güləş Federasiyanın prezidenti azərbaycanlıdır...

- Azərbaycan diasporunun başçısı Natiq Bağırov dünya çempionumuzdur. Belarusun Güləş Federasiyanın rəhbəri Kamandar Məcidovdur. Bunlar hamısı qürurvericidir.

- Zabit Səmədovu da qeyd etmək olar.

- O, buradakı idmançı karyerasını bitirdi və Bakıya döndü. Cənab prezident tərəfindən ona dəstək verilmişdi. Öz məktəbini açdı. Düşünürəm ki, burada kifayət qədər tanınmış şəxslərimiz var. Azərbaycanlılar burada sülhsevər, zəhmətkeş və çalışqan bir millət kimi tanınırlar.


SON XƏBƏRLƏR