Afrikalı futbolçunun Bakı klubu ilə müqaviləsinin müddəti bəlli olub

28-06-2019 [15:00]
Cənubi Afrika Respublikasının (CAR) "Kayzer Çifs” klubundan "Sabah"a keçən Hendrik Eksteynin müqaviləsinin müddəti bəlli olub.

"Report" xəbər verir ki, bu barədə oyunçunun meneceri Paleza Mxize "TimesLIVE" portalına məlumat verib. O bildirib ki, 28 yaşlı yarımmüdafiəçi paytaxt klubu ilə iki illik müqavilə imzalamaq üçün Bakıya yollanıb.

Mxize oyunçunun ölkə xaricində oynamaq arzusunu reallaşdırdığı üçün çox həyacanlı olduğunu vurğulayıb: "Əldə etdiyimiz razılıq Cənubi Afrika klublarından yaxşıdı. Bu kollektivə qatılmaq Eksteyn üçün daha yaxşı hədəflərə doğru bir addım ola bilər. Avropada daha yaxşı oyunçuları izləyən böyük klublar var. "Sabah" ilə yeni sözləşmə daha sərfəlidir. Oyunçu oradan yuxarı çıxmaq üçün çalışmalıdır".

Qeyd edək ki, Hendrik "Kayzer Çifs”də 2014-cü ildən çıxış edirdi. Azərbaycan təmsilçilərindən "Qarabağ” və "Səbail”ə də təklif olunan futbolçu ötən mövsüm 19 oyuna 1 qol vurub. 


SON XƏBƏRLƏR