FIDE prezidenti: "Azərbaycanda böyük şahmat yarışlarının keçirilməsini müzakirə edirik"

img

28-06-2019 [12:14]


"FIDE Azərbaycan Şahmat Federasiyası ilə sıx əməkdaşlıq edir. Hazırda burada böyük yarışların keçirilməsini müzakirə edirik”.

"Report” xəbər verir ki, bunlar Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç bu gün təşkil olunan brifinqdə deyib. Bakıda qurumun Prezident Şurasının iclasına qatılan rusiyalı funksionerin sözlərinə görə, FIDE və Azərbaycan Şahmat Federasiyası (AŞF) arasında rəsmi saziş imzalanacaq: "Azərbaycanda keçirilməkdə olan yarışları da dəstəkləyirik. Apreldə Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2019" superturnirinə gəldim. Çox gözəl hadisədir. İstərdik ki, Azərbaycanda FIDE-nin rəsmi yarışlarını da təşkil edək. Bu, Qran-pri mərhələsi də ola bilər, başqa yarış da. Yaxın vaxtlarda FIDE və AŞF arasında şahmatın inkişafına dair rəsmi saziş imzalayacağıq. Bu, ilk növbədə uşaq şahmatını və sosial layihələri əhatə edəcək”.

A. Dvorkoviç Prezident Şurasının iclasının Bakıda təşkilinə şad olduqlarını bildirib. O, iclasın gündəliyində duran əsas məsələlərdən də danışıb: "Qonaqpərvərliyə görə təşəkkür edirəm. Toplatının burada yüksək səviyyədə keçirilməsi üçün hər bir şərait yaradılıb. Bakıda şahmat həyatının daha intensiv olmasına və daha çox yarışların keçirilməsinə şad olarıq. Bu gün toplantıda çox önəmli məsələləri müzakirə edirik. Onlardan 3-nü xüsusilə fərqləndirərdim. Birincisi, yarışların keçirilməsi sistemi və məkanların müəyyənləşdirilməsidir. Məsələn, Dünya Kubokuna daha çox ölkələrin şahmatçılarının qatılması ilə bağlı təkliflər var. İstəyirik ki, şahmat təkcə dominantlıq edənləri deyil, digər ölkəri də əhatə etsin. İkincisi, fərqli ölkələrdə şahmatın inkişafına dəstəkdir. FIDE bu məqsədlə cari il üçün 3 milyon avro ayırıb. Qafqaz ölkələri şahmatın inkişafı baxımından digər dövlətlərə nümunə ola bilər. Üçüncüsü isə FIDE-nin işinin tənzimlənməsidir. Yeni nizamnamə hazırlamışıq və onu qurumun Baş Assambelyasında müzakirə edəcəyik. İclasda həmçinin hakimlərin, məşqçilərin işləri, siyasi problemlər və digər məsələləri müzakirə edirik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR