Cabir-012”ni öldürən şəxsə hökm oxunub

img

24-06-2019 [18:56]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ehtiram Şərifov barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E.Şərifovun ittiham olunduğu 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib və o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror çıxışında onun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, hadisə ötən il noyabrın 17-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində baş verib. Həmin ərazidə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Şərifov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Cabir Babayevə xəsarət yetirərək hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş C.Babayev orada ölüb.

E.Şərifov saxlanılıb, ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan, qundağı və lüləsi kəsilmiş İJ markalı tüfəng götürülüb.

Xatırladaq ki, "Cabir-012” adı ilə tanınan C.Babayevin sosial şəbəkələrdə "avtoş”luq etməsi ilə bağlı videoçarxları yayılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR