İcra başçısı DSK sədrlərini dəyişir - Bayramov ərizələrini alır, MSK rəsmiləşdirir

23-06-2019 [13:25]
Gəncədə 3 seçki dairəsi - 37, 38 və 40 saylı Dairə Seçki komissiyalarının (DSK) sədrləri dəyişdirilir. İcra başçısı Niyazi Bayramovun arzusuna uyğun olaraq, yeni sədrlərin kim olacağı da artıq bəllidir, hamı bilir ki, qısa zamanda adları hallanan şəxslər MSK tərəfindən təsdiq ediləcək.

Bu barədə DSK-nın sabiq üzvlərindən biri Reyting.az-a məktub ünvanlayıb.

Həmin şəxsin yazdığına görə, baş verənlərlə bağlı MSK-ya müraciət etsələr də, müraciətlərinə baxılmayıb. Ona görə də MSK sədri Məzahir Pənahova mətbuat vasitəsi ilə müraciət edib, bəzi məqamlara aydınlıq gətirmək məcburiyyətində qalıblar: 

"Hörmətli Məzahir müəllim!

Mən xeyli vaxt məntəqə secki komissiyasında və dairə secki komissiyasinda komisiya üzvü kimi seckilərdə iştirak etmişəm. 

Gəncədə dairə secki komissiyaları haqqında gedən söz-söhbət diqqətimi cəkdiyi ücün araşdırma apardım. Təşkilati şöbənin əməkdaşından öyrəndim ki, fevral ayında 37 saylı DSK-nın sədrindən yaşına və xəstəliyinə görə öz xahişi ilə, aprel ayının 4-ü isə İcra hakimiyyətinə cağırılan 38 və 40 saylı dairə komissiya sədrlərindən "öz xahişləri ilə” vaxtından əvvəl həLledici səs hüquqlu komissiya üzvlüyündən azad olmaları haqqında MSK adına ərizələrini alıb, MSK-ya göndərdilər.

MSK üc günün icində onları komissiya sədrliyindən azad etdi.

Bizim üçün maraqlı olan bir necə məsələni cavablandirmağı Sizdən xahiş edirəm:

1) Gəncə şəhər İcra Hakimiyyətində dairə secki komissiyalarının sədrlərindən Sizin adınıza "öz xahişləri ilə” vaxtından əvvəl həlledici səs hüquqlu komissiya üzvlüyündən azad olmaları haqqında ərizə almaları nə dərəcədə düzgündür? Bu, Secki Məcəlləsinin tələblərini kobudcasına pozmaq deyilmi?

2) MSK maraqlandımı bir günün içərisində uzun müddət dairə secki komissiyalarının sədri işləmiş təcrübəli və səriştəli, dəfələrlə yüksək səviyyədə seckilər kecirmiş, secki təcrübəsi olan, dövlətə sadiq iki dairə secki komissiyasının sədrləri niyə, nə ücün, hansı səbəbə eyni gündə "öz xahişləri ilə” vaxtından əvvəl həlledici səs hüquqlu komissiyya üzvlüyündən azad olunmaları haqqında ərizə verdilər?

3) Nə ücün MSK Əmək Məcəlləsinin müvafiq maddəsini pozaraq, bir ay müddətini gözləmədən alınmış ərizələri bir günün icində - 9 apreldə MSK-ya daxil olan kimi, vaxtından əvvəl həlledici səs hüquqlu komissiya üzvlüyündən azad olmaları haqqında qərar verib?

4) Dairə Secki Komissiyasının sədri Secki Məcələsinə görə həlledici səs hüquqlu komissiya üzvlüyünə secki yolu ilə secilməli olduğu halda, nə ücün icra hakimiyyətinin təyin etdiyi səxslər olur?".

Müraciətdə daha sonra sədrləri çıxarılan DSK-lara kimlərin sədr təyin ediləcəyi haqda məlumat verilib.

Onların arasında YAP şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyevin xalası oğlu ilə bərabər, daha iki nəfərin adı çəkilib. 

Bu və ya digər məqamlarla bağlı MSK ilə yanaşı, adları çəkilən digər şəxslərin də mövqeyini dinləməyə hazırıq.


SON XƏBƏRLƏR