“…çəkinməli deyilik” - Sabir Rüstəmxanlının qardaşı Vilayət Eyvazovun nazir təyinatından yazdı

img

22-06-2019 [12:07]


Hazırda Almaniyada yaşayan hüquq müdafiəçisi, Sabir Rüstəmxanlının qardaşı Əlövsət Əliyev Vilayət Eyvazovun Daxili İşlər naziri təyin edilməsi ilə bağlı maraqlı paylaşıb edib.

Azərbaycan Miqrasiya Mərkəzi İB-nin gördüyü işlər çərçivəsində Vilayət Eyvazovla dəfələrlə görüşdüyünü və onu yaxından tanıdığını ifadə edən hüquq müdafiəçisi yeni nazirin polis orqanlarında islahatlara nail ola biləcəyini bildirib.

Mia.az Bakupost.az-a istinadla Ə.Əliyevin V.Eyvazovla bağlı yazısını təqdim edir:

"Vilayət Eyvazov 2006-cı il tarixdən polis general-leytenantıdır.

Tale elə gətirib ki, onu xidmətə başladığı ilk illərdən tanımışam. Daxili İşlər Nazirliyində işlədiyim müddətdə ümumi tanışlığımız olsa da, hüquq müdafiəçisi kimi fəaliyyətə başlayandan sonra onunla daha sıx münasibətdə olmuşam. Xüsusilə o, İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator təyin olunandan sonra insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən QHT rəhbəri kimi mütəmadi təmasda olmuşuq. İnsan alveri və məcburi əmək kimi cinayət faktları haqqında göndərdiyim bütün məlumatlara dərhal reaksiyasını hiss etmişəm. Təbii ki, müraciətlərim üzrə qəbul edilən qərarlarla razı olmadığımız hallar da olub. Onun göstərişi ilə qəbul edilmiş qərarlardan bəziləri ilə razılaşmamışıq və müxtəlif orqanlara şikayətlərimiz olub. Yazdığımız hesabatlarda onun fəaliyyətini kəskin tənqid etmişik. Hətta onun Milli Koordinator olmasının əleyhinə dəfələrlə müsahibələr vermişəm, özünün də iştirak etdiyi toplantılarda da fikirlərimi açıq səsləndirmişəm. Lakin bunun normal tənqid kimi qəbul olunmasının şahidi olmuşam.

Onun dəstəyi ilə yüzlərlə potensial insan alveri qurbanı hesab edilən sənədsiz kompensasiyaların alınmasına , onlar üçün sığınacaqların yaradılmasına nail olunmuşdu. DİN-nin bu sahədə fəaliyyət göstərən hər bir QHT-nin üzünə acıq olması da, təbii ki, milli koordinator kimi onun fəaliyyəti ilə bağlı olub.

Bundan başqa bu sahədə fəaliyyət göstərən QHT-lər arasında məhz onun təşəbbüsü ilə həvəsləndirmə tədbirləri keçirilib. Onun dəstəyi ilə Azərbaycanda insan alverinə qarşı mübarizə aylığı, həftəliyi və ya günü kimi xüsusi tədbirlər qeyd olunub. Siyasi baxışlarından asılı olmayaraq, QHT-lərin tədbirlərində iştirak edib. Xaricdə çətin vəziyyətdə olan, vətənə qayıtmaq imkanı olmayan neçə-neçə soydaşımızın Azərbaycana qayıtmasına, əcnəbilərin isə öz vətənlərinə qaytarılmasına təşəbbüs göstərən QHT-lərin fəaliyyətinə dəstək verib.

O, general olandan sonra davamlı olaraq, öz üzərində işləyən, mütaliə edən və bir neçə xarici dil öyrənən məmurlardan biridir.

İnsan hüqüqlarını pozan şəxs kimi adının müxtəlif beynəlxalq təşkilatların hesabatlarına düşməsinə baxmayaraq, son illərdə büdcənin talan olunmasında və diğər korrupsiya olaylarında onun adına rast gəlinməyib.

Onun iş üslubuna, təşkilatçılıq qabliyyətinə bələd birisi kimi deyirəm ki, Vilayət Eyvazov Avropa təcrübəsini öyrənməklə daxili işlər orqanlarında yeni islahatın aparılmasına nail ola bilər və onun təşkilatçılıq qabiliyyəti buna imkan verir. Bunun üçün isə hər kəs əlindən gələni etməli, zərurət olanda ictimai müqavimətdən çəkinməli deyilik.

Ölkədə insan hüquq və azadlıqlarının qorunması, cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması sahəsində polisin fəaliyyətində şəffaflığın təmin olunmasına, vətəndaşalara qarşı törədilən qanunsuzluqların isə qarşısının alınmasına nail olmalıyıq”.

Qeyd edək ki, Ə.Əliyev uzun illər polis sistemində yüksək vəzifələrdə işləyib. O, 1991-ci ildən 1995-ci ilə kimi Lerik, Lənkəran və Astara rayonlarında Polis şöbələrinin rəisi işləyib.

1995-2000-ci illərdə isə Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyatı Baş İdarəsində İdarə rəisi olub.

2000-ci ildə isə Daxili İşlər Orqanlarından istefa verib və fəalliyətini hüquq müdafiəçisi kimi davam etdirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR