Attestat qiymətləri “3” olan abituriyentlərin 96 faizi qəbulda 0-40 bal toplayıb

img

21-06-2019 [13:54]


Fənlər üzrə attestat qiymətləri "3” olan abituriyentlərin əksəriyyəti ötən ilin qəbul imtahanlarında da analoji nəticə göstəriblər. Belə ki, bu abituriyentlərin 84–96%-i ayrı-ayrı fənlər üzrə 0–40 intervalında nisbi bal toplayıb.

Bu rəqəmlər Dövlət İmtahan Mərkəzinin "Abituriyent” jurnalının 12-ci sayında dərc olunub.

Bildirilib ki, ümumi təhsil məktəblərində verilən aşağı qiymətlər müəyyən edilmiş vahid standartlara xeyli dərəcədə uyğundur: "Ancaq, təəssüf ki, "əla” ilə qiymətləndirmədə bunun əksini görürük. Bu, özünü kimya, Azərbaycan tarix (II qrup) və ədəbiyyat fənləri üzrə qiymətləndirmədə daha qabarıq göstərir. Kimya fənnindən əlaçı abituriyentlərin 20.67%-nin, Azərbaycan tarixi fənnindən 20.43%-nin və Ədəbiyyat fənnindən 18.22%-nin uyğun fənlər üzrə qəbul imtahanlarında topladıqları nisbi balları 20-dən az olub. Əlaçı abituriyentlərin 80-100 bal intervalındakı nəticələrinə nəzər saldıqda görürük ki, bu abituriyentlərin coğrafiya fənni üzrə yalnız 11.64%-i, fizika fənni üzrə 14.84%-i və Azərbaycan tarixi fənni üzrə isə 15.56%-i 80–100 bal intervalında nəticə göstərərək özlərinin attestat qiymətlərini doğruldublar. Belə zəif nəticə göstərənlərin sayının çox olması bu fənlərin aşağı səviyyədə tədris olunması və qiymətləndirmədə standartlara əməl edilməməsi ilə əlaqədardır.

Ortastatistik abituriyentə nəzərən zəif nəticə göstərənlər sayca üstünlük təşkil edir. Ortastatistik abituriyent fənlər üzrə məktəb proqramının 33-58 faizini mənimsəyir. Test tapşırıqlarının məktəb proqramını tam əhatə etdiyini və qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, ortastatistik məzun məktəb proqramının 42–67%-ni mənimsəmir. Bu isə ümumi təhsil müəssisələrimizin böyük qismindətədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR