Pənah Hüseyn iqtidarla gizli anlaşma istəyindən danışdı: "O dairələr bu cür kampaniya aparırlar ki..."

img

18-06-2019 [18:12]


Azərbaycanın bir qrup müxalif siyasi qurumu - AXP, AMİP və BAP ölkənin aktual siyasi problemlərini müzakirə etmək üçün dövlət qeydiyyatından keçmiş partiyalar formatında tədbirə hazırlaşır. 

Əsas təşəbbüskarlardan olan Azərbaycan Xalq Partiyasının (AXP) lideri Pənah Hüseyn bildirib ki, bu təşəbbüsün gerçəkləşdirilməsi ilə əlaqədar ölkənin ictimai-siyasi həyatına rəsmi qeydiyyata alınmış siyasi partiyaların əksəriyyətindən az olmayan dərəcədə iştirak və təsir edən, habelə siyasi partiya kimi fəaliyyət göstərdiyini bəyan edən bir sıra təsisatların - REAL, ADR Hərəkatı, ACP və digər qurumların təmsilçilik problemi meydana çıxır. 

Mia.az xəbər verir ki, Pənah Hüseyn bu və digər məsələlərlə bağlı Reyting.az-a qısa müsahibə verib. 

- Pənah bəy, partiyaların bir araya gələrək müzakirəyə başlamasında əsas məqsəd nədir?

- Bu təşəbbüsün çox sadə bir səbəbi var. Bir qrup siyasi partiyaya müraciət olunub ki, bir araya gələk, hazırkı ictimai-siyasi prosesləri, aktual məsələləri müzakirə edək. Harda, hansı məsələ ilə bağlı ümumi rəyə gələ biləriksə, vahid mövqeyimizi ifadə edərik. Yaxud da elə qeyd etdiyim məsələləri müzakirə edib dağılışaq. Yəni, mahiyyət bundan ibarətdir.

- Siyasi partiyaların bir araya gəlib müzakirə aparması üçün formatlar var idi, bəs bu görüşün fərqli cəhəti nə olacaq?

- Hansısa format yoxdur. Sadəcə, siyasi partiyaların müzakirəsidir. Hazırda təsir imkanları az olsa da, siyasi partiyalar siyasi prosesin subyektləridir. Amma hər halda siyasi partiyaların canlandırılmasına ehtiyac var. Bəzi siyasi partiyalar var ki, onlar dövlət qeydiyyatından keçməyiblər, amma proseslərə təsir imkanı qeydiyyatdan keçmiş partiyaların yarısından çoxdur. Biz indi qeydiyyatdan keçmiş partiyaların formatında belə bir müzakirənin aparılmasını faydalı hesab etmişik. Görək, nə olur...

- Ona görə soruşdum ki, bir müddət əvvəl Xalq Hərəkatı yaradıldı, orda da müzakirələr aparıldı...

- (Sözümüzü kəsərək) O siyasi partiya deyil. Bizim təşəbbüsümüz siyasi partiyaların bir araya gəlib müzakirə aparmasından ibarətdir. 

- Axı elə bir fərq yoxdur?

- Mən bu barədə suallara kifayət qədər cavab verdim. Bu təşəbbüsün konkret məqsədi var: qeydiyyatdan keçmiş siyasi partiyaların müzakirəsi.

- Bu təşəbbüsün arxasınca hansısa birliyin yaradılması planlaşdırılırmı?

- Hər hansı təsisat, blok və ittifaqın yaradılması indiki halda nə müzakirə olunur, nə də belə bir niyyət var. 

- Pənah bəy, bu gün bəzi media orqanlarında belə bir iddia yer alıb ki, Siz hakimiyyətlə mandat "bazarlığına” gedirsiniz...

- Sözün düzü, mən bu xəbərlərə rast gəlməmişəm. Amma bunlar xırda qeybətlərdir. Adətən o dairələr bu cür kampaniya aparırlar ki, o şəxslər belə yalanı danışırlar ki, onların özləri hakimiyyətlə danışığa gedirlər. Onlar elə bilirlər ki, bütün təşəbbüslərin arxasında "bazarlığa” getmək niyyəti dayanır. Bizim niyyətimiz ortadadır. İndi durub and-aman edəsi deyiləm ki... Amma konkret olaraq deyə bilərəm ki, bu cür xəbərlər həqiqəti əks etdirmir.

- Yaxşı, hazırkı müzakirələrdə parlament seçkiləri ilə bağlı məsələlər də nəzərdə tutulurmu?

- Bəli. Müzakirələrimizin bir istiqaməti də parlament seçiləri ola bilər. Çünki gələn il ölkəmizdə parlament seçkiləri keçiriləcək. Hətta mümkündür ki, növbədənkənar parlament seçkiləri də olsun. Doğrudur, indi parlamentin xüsusi səlahiyyəti qalmayıb. Buna baxmayaraq, müzakirələrin istiqamətlərindən biri də parlament seçiləri olacaq. İctimai-siyasi məsələlər müzakirə olunacaqsa, parlament seçiləri də, ümumilikdə seçki islahatı məsələsi də gündəmə gətiriləcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR