Sabiq deputatın oğluna 700 minlik ittiham irəli sürüldü

img

18-06-2019 [17:26]


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və mənimsəmədə ittiham edilən Elvin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə kompüter avadanlıqlarının satışını həyata keçirən "Happy Baku" MMC-nin rəhbəri Cavid Cümşüdov ifadə verib.

O, işçisi olmuş Elvin Məmmədovu yaxşı adam kimi tanıdığını, belə bir hadisənin baş verəcəyini ağlına gətirmədiyini deyib. Onun sözlərinə görə, şirkətə gələn mallar anbardan çıxarılaraq müştərilərə çatdırılsa da, vəsaitlər şirkətə ödənilməyib. İfadədən məlum olub ki, şirkətə dəyən 758 min manat zərərin yarısından çoxu 2014-ci ilə qədər ələ keçirilib və bu, Elvin Məmmədov şirkətdən ayrılandan sonra ortaya çıxıb.

Elvin Məmmədov isə ittihamı qəbul etməyib və həmin malların onun rəhbərliyi ilə götürülmədiyini, sadəcə sənədlərə imza atdığını deyib.

Cavid Cümşüdov Elvin Məmmədovun həbs edilməsində deyil, zərərin ödəməsində maraqlı olduğunu deyib. Onun sözlərinə görə, işin üstü açılanda Elvin pulun 100 min manatını ödəsə də, qalan məbləğ ödənməyib. "Bu il Elvin Məmmədovun pulu ödəyəcəyini öhdəsinə götürməsi ilə bağlı aramızda müqavilə də bağlanılıb, ancaq onu həbs etdilər. Bizim bu işdə heç bir marağımız olmayıb, sadəcə zərərin ödənilməsini istəyirik".

Proses iyunun 25-ə təyin edilib.

Elvin Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, Elvin Məmmədov sabiq deputat Dünyamalı Məmmədovun oğludur. Dünyamalı Məmmədov 1995-ci ildə 96 saylı Cəlilabad seçki dairəsindən deputat seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR