Beton iqtisadiyyatı...

img

16-06-2019 [16:11]


Qubad İbadoğlu

***


Son 13 ildə Azərbaycanda ən çox inkişaf edən sektor beton istehsalıdır. Nəticədə beton iqtisadiyyatı milli iqtisadiyyatın sütununa çevrilib. 

Bu yalnız dövlət siyasətində deyil, həmçinin özəl bölmə və şəxsi təsərrüfatlarda da önə çıxıb. 2006-cı ildən bəri yalnız dövlət büdcəsindən tikinti məqsələri üçün 62,5 milyard manat vəsait ayrılıb. Bir sözlə hər il orta hesabla 4,5 milyard manat pul daşa, asfalta, betona "xərclənib" ki, bu da il ərzində əldə edilən neft pullarının yarısı qədərdir. Demək olar ki, neftdən bizə qalan daş, asfalt, betondur. 

2018-ci ilin büdcəsində əsaslı vəsait qoyuluşu xərcləri əvvəlki illə müqayisədə 88,1 faiz artıb, 2019-cu ilin büdcəsindən bu məqsədlə 6,4 milyard manat (cəmi büdcə xərclərinin 30 faizinə qədər) vəsait ayrılması nəzərdə tutulub. 

Büdcədən oğurlan pulların çoxu mənzil, villa, hasar tikintisinə yönəlib. Bakıda və onun ətrafında bu məqsədlər üçün əhali tərəfindən milyardlarla manat vəsait əlavə dəyər yaratmayan beton iqtisadiyyatına yatırılıb və həmin pullar ən yaxşı halda passiv biznes əməliyyatlarına (əmlakın icarəsi və satışına) yönəlib. Ermənistanla müharibə şəraitinə görə, müdafiə xərclərinin də ildən ilə artımını nəzərə alsaq, neftdən gələn pulların hər 3 dollarından 2-nin betona və hərbiyə yönədliyini deyə bilərik. Neft pullarının yerdə qalan üçdə birini isə dövlət neft fondu səhm və əmlak bazarlarında "küləyə" verməklə məşğuldur. 

Budur bizim istisadiyyatın fəlsəfəsi və nəticəsi: beton iqtisadiyyatı. 

Nəzərə alın ki, belə iqtisadiyyat bir müddət sonra təmir və saxlanma xərcləri tələb edir, sonra isə ya özü çökür, ya da başqaları tərəfindən sökülür, biz sözlə beton iqtisadiyyatı nə dayanıqlı olur, nə də dözümlü, birdən çat verir və onun üzərində qurulan hər şey tez bir zamanda da dağılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR