Deputat onu tənqid edən milyonçuya belə cavab verdi: "Hər kəs öz işi ilə məşğul olsa..."

img

13-06-2019 [21:13]


"Futbolçularımız azarkeşlərin pulu ilə yox, dövlətin pulu ilə dolanır. Dövlətin büdcəsi, nazirlik, federasiyalar var. Görünür Mübariz Mənsimov hər hansı komandanın kimin hesabına qaldığını bilmir. Futboldan danışmağa ixtiyarı olmayan, futbolla yaşamayan adamın danışması doğru deyil”. 

Bunu  Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, professor Ağacan Abiyev "Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun onun haqqında səsləndirdiyi ittihamlara cavab verərkən deyib.

Ağacan Abiyev bildirib ki, Mənsimov onu ancaq bir şərtlə tənqid edə bilər:

"Əgər Mübariz Mənsimov məni mütəxəssis kimi tənqid etsəydi, qəbul edərdim. İndi o yoldaş nəsə deyibsə, özü bilər. Demokratik ölkədə yaşayırıq. Onun haqqımda dedikləri problem deyil. Mənim fikirlərim nə kiməsə qarşıdır, nə də kiminsə tərəfini əks etdirir. Futbola 100, 50 min həvəskar tamaşa edir. Ancaq o həvəskarların futbol komandasından, məşqçilərin  əziyyətindən  xəbəri yoxdur. Bu da təbidir. Çünki azarkeşin işi deyil ki, futbolun dərinliklərini bilsin. SSRİ-nin tərkibinə 15 respublika daxil idi. O boyda ölkədə bir nəfər də olsun gedib Olimpiya Oyunlarında hər hansı idman növünün baş hakimi olmayıb. 2004-cü ildə boks üzrə Olimpiya Oyunlarının baş hakimi kim idi?! Professor Ağacan Abiyev”.

Deputatın sözlərinə görə, hər bir azərbaycanlı  öz komandasını sevir və qalib gəlməsini istəyir:

"Ancaq azarkeş mütəxəssis deyil! O ancaq oyuna tamaşa edir və komandası üçün qələbə arzulayır. Futbolda iki komanda olur. Biri qalib gəlirsə, digəri mütləq məğlub olmalıdır. Məsələn, teatra, kinoya baxmağa gedirik. Məgər biz teatr, yaxud da kino mütəxəssisiyik?!  Düşünürəm ki, hər bir sahənin  mütəxəssisi baş verən hadisəyə münasibət bildirsə, daha məqsədəuyğun olar. Hesab edirəm ki, hər kəs öz işi ilə məşğul olsa,  Azərbaycan udacaq”/Modern.az

Qeyd edək ki, "Palmali”nin rəhbəri Mübariz Mənsimov  Ağacan Abiyevin "Məgər dünyada uduzan yalnız Azərbaycan komandasıdır? Zaman-zaman İngiltərə, Fransa və digər ölkələrin futbol komandaları da uduzurlar. Məgər komanda hər uduzanda məşqçi, AFFA rəhbərliyi dəyişməlidir? Hesab edirəm ki, azarkeşlər gedib öz işləri ilə məşğul olsunlar” fikirlərinə reaksiya verərək bunları deyib:

"Anlamadım?! Azarkeşin işi nədir ki?! Bəlkə uzun zamandır boksla məşğul olduğuna görə Ağacan bəy unudub ki, azarkeş kimdir?! Millətin seçdiyi vəkil! Azarkeş olmasa futbol olmaz! Azarkeş olmazsa, ümumiyyətlə idman olmaz! Onların nəyə ixtiyarları var, nəyə yoxdur əslində siz yaxşı bilməlisiniz. Komanda uduzursa, azarkeşlərin fikrinin əhəmiyyəti yoxdur nə deməkdir?! Siz də Azərbaycan bayrağını yüksəldərkən belə düşünürdünüz? O qaldırdığınız bayraq həmin azarkeşlərin, millətimin bayrağıdır! Və millət bayrağının heç vaxt yenilməsini və gülünc vəziyyətə qoyulmasını istəmir. Hər oyuna bayraqla gələn, sizin sözlərinizlə desək gərəksiz azarkeşlər milli oyunçularından nəticə gözləyir. Və hər zaman da nəticəsiz və pərt geri dönür. Odur ki, milli istefaya da göndərə bilər, təşəkkür də edə bilər. Siz isə AFFA-dakı yalnış idarəetməni dəstəkləyərək, futbolu məhv edirsiniz!

"Nədənsə bizim azarkeşlərin işi futbolçuların pulunu saymaqdır. Onu da düzgün saya bilmirlər" - deyə, Ağacan Əbiyev qeyd edir. Təbii ki sayacaqlar. Çünkü futbola xərclənən küllü miqdarda pullar elə həmin azarkeşin pullarıdır. Azərbaycan xalqının puludur. Ona görə də hesab verəcəksiniz! Mənasız transferlərə fantastik pullar xərcləyib, öz pulumuzla özümüzü biabır edirsiniz. Hesab verin azarkeşə! Sayğılı olun lütfən”.

Modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq