“Qarabağ”da "sındırılma əməliyyatı": istedadlı futbolçular necə məhv edilir?

13-06-2019 [12:41]
Tanınmış jurnalist Natiq Muxtarlı öz şəxsi hesabında "Qarabağ” Futbol Klubu ilə bağlı bir neçə məqama toxunub.

Bizimyol.info xəbər verir ki, jurnalist futbolçuların "Qarabağ” FK-dan ayrılması ilə bağlı gizli olan məqamlara aydınlıq gətirib. 

O bildirib ki, oyunçuların komandadan ayrılmasının səbəbi məşqçilərin oyunçuları sıxması və dolayısı yolla sındırmağa çalışmasıdır:


Natiq Muxtarlı


""Qarabağ”ın U-13 komandasında Vüqar Bağırov adlı bir uşaq vardı. Olduqca istedadlı idi. Hamı ondan danışırdı. Bu uşaqda, gələcəkdə yaxşı futbolçu olmaq üçün bütün xüsusiyyətlər mövcuddur. Qalırdı yaxşı klubda yaxşı məşqçilərin nəzarəti altında inkişaf etməsi.

Amma indi o uşaq "Qarabağ”da deyil. Səbəbi deyim, gözləriniz bərəlsin. Nə baş veribsə, "Qarabağ”ın məşqçisi Araz Bağırov başlayıb bu istedadı sıxışdırmağa, incitməyə. Soruşanda da deyib ki, mən onu indi sındırmasam, məşqçisini tanımaz. 2017-ci ildə "Qarabağ” Gürcüstanda-Saburtaloda beynəlxalq turnirdə çıxış edərkən gürcülər bu uşağı bəyəniblər, onu komandaya dəvət ediblər. Ancaq həmin vaxt "yox” cavabı alıblar. "Qarabağ”ın məşqçisinin 13 yaşlı uşağı sındırmaq istəyindən sonra valideyni Vüqarı götürərək üz tutub Gürcüstana. "Saburtalo”da onu dərhal akademiyaya qəbul ediblər, yer ayırıblar, valideyninə iş də veriblər.

Təxminən bir il əvvəl də "Qarabağ”da oynayan çox istedadlı bir uşağın valideyni mənə müraciət etmişdi. Bildirmişdi ki, komandanın U-15 komandasına yeni məşqçi təyin edilib. O da özü ilə bir neçə uşaq gətirib. Onlara yer etmək üçün komandanın liderlərindən qurtulmağı lazım bilib, başlayıb onları sıxışdırmağa. Bununla bağlı yazdım. Güman etdim ki, "Qarabağ”da məsələni araşdırarlar, heç bir təhsili olmayan, heç vaxt da futbol oynamayan yeni məşqçinin hoqqalarına münasibət bildirərlər. Bildirdilər. Uşağı məşqlərdən uzaqlaşdırdılar. Həmin vaxt "Qarabağ”ın əsas komandası xaricdə təlim-məşq toplanışında idi. Uşağın valideyninə klubdan deyiblər ki, Qurban Qurbanov zəng edərək o uşağın komandadan uzaqlaşdırılmasını tələb edib. Sonradan öyrəndim ki, həmin təhsilsiz məşqçi Qurbanovun dostunun oğludur.

İndi bildiniz "Qarabağ”da niyə futbolçu yetişmir? Nəinki "Qarabağ”da, Azərbaycanda futbolçu yetişməməyin isə daha 99 səbəbi var”.

Məsələyə münasibət bildirən "Qarabağ” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib ki, bu məsələ ilə bağlı jurnalist Natiq Muxtarlının özü ilə danışıb, buna baxmayaraq da Azərbaycanda futbolun yetişməməsində Qarabağın heç bir günahı yoxdur:

"”Qarabağ” FK bir strategiyası var, hansısa futbolçu istər əsas komandada, aşağı yaş qruplarında ölkə xaricində oynamaq istəyirsə, belə bir niyəti varsa biz hər zaman ona şərait yaradırıq. Vüqar da istisna olunmadı. Vüqarın Qarabağda böyük rolu olub və onların komandası bu il 13 yaşlılar üzrə Azərbaycan çempionu olublar. Onların yazıqda qeyd olunan istəkləri oldu biz də anlayışla qəbul etdik. Hətta bu məsələ ilə bağlı Natiq Muxtarlının özü ilə də danışmışam. Bəzi nyüanslar var idi, heç də göründüyü kimi deyil. Futbol əgər yetişmirsə bu Qarabağa aid problem deyil. Millidə ən çox oyunçular məhz Qarabağdandı. Bu baxımdan da bu məsələdə Qarabağı günahlandırmaq doğru olmazdı.

Burada kimsə deyə bilməz ki, tanışlıqla futbolçu qəbul edilmir, futbolçu çıxarılmır. Bu məsələlərə yüksək səviyyədə ciddi nəzarət edilir”.

Bizimyol.info


SON XƏBƏRLƏR