"Cavid Qurbanov utanıb yerə girməkdənsə..." - Sensasion maliyyə fırıldağının detalları

img

12-06-2019 [17:38]


"Açığı, çox təəssüf edirəm. Adamların qarşısına rəsmi məlumatları qoyursan, yenə də öz bildiklərini edirlər. Onların açıqlaması onu göstərir ki, adamlar törətdiklərindən peşman olmurlar. O hissləri heç yaxına buraxmırlar”. 

Mia.az xəbər verir ki, bu sözləri "Yeni Sabah”a 15 milyon dollara alınan vaqonla bağlı "Azərbaycan Dəmir Yolları”nın açıqlamasına münasibət bildirərkən iqtisadçı Nemət Əliyev deyib. 

O, deyib ki, ötən gün səsləndirdiyi rəqəmlər havadan götürülməyib: "30 milyon 384 min  pul ödənilməsini mən yaymıram ki... Mən onu Dövlət Statistika Komitəsinin Dövlət Gömrük Komitəsinə istinadən yaydığı məlumata istinad etmişəm. Orada mənbəni göstərmişəm. "Azərbaycan Dəmir Yolları”ndan o açıqlamanı verən adam zəhmət çəksin o yazıya bir baxsın. Onun içindəki linklərə tıklasın, məlumatlar qarşısında açılacaq.

Keçək məsələnin o biri tərəfinə. Dövlət Gömrük Komitəsi (DGK)  yalandan o məlumatı yaya bilərmi? Yox. Bəs, o məlumat nə cür ortaya çıxıb? Məsələ burasındadır ki, "Azərbaycan Dəmir Yolları” gedib xaricdən vaqon alıb Azərbaycana gətirəndə, rəsmiləşdirmə prosesində o rəqəmləri yazıblar. Dövlət Komitəsi də həmin rəqəmi təsdiq edib. Əgər buna inanmırlarsa, götürüb baxsınlar. 

Sadəcə gözlərini pul o qədər tutub ki, bu gün elədikləri əməlin sabah hansı nəticələr doğuracağını düşünmürlər. Elədilər getdi. Düşünürlər ki, bunu hesablamırlar və heç kim soruşa bilməz. 

Yəni demək istəyirəm ki, o məlumatlar DGK-nın Dövlət Statistika Komitəsinə (DSK) verdiyi rəsmi məlumatdır. Rəsmi şəkildə o məlumatlar hamısı durur. Tıklasınlar həmin linklərin üzərinə  dərhal o məlumatlar açılacaq. 

Yeri gəlmişkən, o məlumatlar yalnız bir mənbədə deyil. DGK və DSK-nın arxiv materallarında var. Rəhbərlik "Azərbaycan Dəmir Yolları”nın mühasibatlığına gedib bir göz gəzdirsə, dərhal bu məlumatlar qarşısına çıxacaq. Rusiya, Polşa, Gürcüstan müxtəlif dövrdə başqa ölkələr də Belarusiya ilə alver ediblər. O məlumatların da linklərini qoymuşam. Bu ölkələr Belarusdan vaqonun bir ədədini 1,7 milyon dollara alır, amma "Azərbaycan Dəmir Yolları” 15, 2 milyon sayır. Nə deməkdir bu? 

Həm Polşaya, həm də Rusiyaya ixrac etmişəm. Rusiya həmin vaqonun birini 1 milyon 705 min dollara alıb, amma Polşa  1 milyon 695-698 min dollara. Bu ölkələrlə Belarusiya arasında aparılan ticarət normaldır, baxmayaraq ki, ikisi arasında fərq var. Orada fərq 2-3 faiz olsun, bu başadüşüləndir. Ticarətdir, alverdir. Bu cür qiymət fərqinin olması təbiidir.

Amma bunun izahı yoxdur. 9 dəfə baha. 15,2-dən çıxıram 1,7-ni 13,5 milyon dollar. 13,5 milyon dollar arada fərq var. O sözü təsadüfən yazmamışam. Dünya ticarət tarixində belə rüsvayçılıq doğrudan yoxdur”. 

N.Əliyev ADDY-nın açıqlamasındakı fotolar və texniki göstəricilərlə bağlı fikirlərə də münasibət bildirib:

"Texniki göstəricilər haqda məlumat verilib və şəkillər qoyublar. Vaqonlarda formaca dəyişiklik var. Rusiyaya satılanlar başqa, Azərbaycana başqa formadadır. Vaqonun hansı materialdan hazırlandığını bilirik. Bir az dizayn verilib, bir az da texniki göstəricilərdə üstün olsun. 13,5 milyon dollara bunlar bilirsiz necə baxırlar, elə bil semiçka puludur. Bir vaqon puldur e, bu. Bir vaqon pulu bunlar səpələyiblər. 

O məlumat dünəndən ölkənin  gündəmini zəbt edib. Normal insan ağlının  qəbul edə bilməyəcəyi bir şeydir. Elə danışırlar ki, o məbləği manata çevirəndə 23 milyon manat  edir. Orada nə qədər dizayn işi aparırsan apar, texniki göstəricilər üzərində nə qədər  işləyirsən işlə bu məbləğ mümkün deyil. Qoy 15% qiymət  fərqi yaransın. 10-15 dəfə qiymət fərqi haqqında onların danışmağa üzü də olmamalıdır”. 

İqtisadçı 15 milyona hər hansı ölkədə vaqonun olub-olması haqda bunları deyib:

"Bunlar Belarusiya ilə alış-veriş edirlər. Belarusiyanın vaqon satdığı ölkələr var. 2016-cı ildən bəri dövrə baxdım, Belarusiyanın 15 milyon dollara vaqon satdığı ölkə olmayıb. Belarusiyada belə şey yoxdur, heç Rusiyada da yoxdur.

Yeri gəlmişkən "Azərbaycan Dəmir Yolları” Rusiya və başqa Avropa ölkələrində də vaqon alıb. Belə rüsvayçılıq yoxdur. Dostlar yaxşı yazmışdılar. Deyirdilər deyəsən vaqonun materialı gümüşdəndir. Təbii ki, ələ salırlar. Bu gümüşdür, qızıldır, nədir? Vaqon böyüklüyündə qızıl külçələri ortalığa töksən heç bəlkə də o qədər pul etməz. Azərbaycan xalqına o qədər səviyyəsiz, o qədər yuxarıdan aşağı baxırlar ki, bu adamlar nə dedilər qurtardı bunların dediyi qanundur. 

Adamlar xəcalət çəkib, utanıb yerə girmək, bu rəzalətə görə istefa verib vəzifədən  çıxıb bacardıqları işin qulpundan yapışmaq əvəzinə, durub izah verirlər. Özlərinə haqq qazandırmağa çalışırlar. "Azərbaycan Dəmir Yolları” rəhbərliyindən bundan artıq açıqlama gözləmək mümkün deyil. Adam nə desin? Desin ki, cinayətkaram, dağıtmışam, yemişəm?

Açığı, mən orada Maliyyə nazirliyinə, Hesablama Palatasına çağırış etmişəm. Çünki Dəmir Yollarının bu gün ayaqda durması dövlət büdcəsi hesabınadır. Dövlət büdcəsindən Dəmir yollarının hər il borcları və xərclərinin ödənilməsi ilə bağlı ya subsidiya, ya vəsait ayrılır. Hansısa başqa adlarla pullar ayrılır. Yaxud tarixçəsinə baxsanız  hər il dövlət büdcəsi hesabına investisiya yatırımları edilir. Özəl sektor deyil ki, burada özbaşınalıq etsinlər.

Orada Maliyyə Nazirliyinin məsuliyyətini  xatırlatmışam ki,  dövlət maliyyə vəsaitlərinin üzərində dövlət nəzarətini həyata keçirən maliyyə nazirliyidir. İndiki dövrdə bu qədər qabarıq şəkildə görünən hadisələrin, faktların üstünə düşsün, araşdırsın.  

Mənim "Azərbaycan Dəmir Yolları”nın sənədlərinə daxil olmaq imkanlarım, səlahiyyətim də yoxdur. Bir mütəxəssis kimi araşdırmalar edirik və üzə çıxarırıq. Çağırışlar edirik ki, dövlətə, millətə aid olan maliyyə vəsaitləri  təqib altındadır. Ondan səmərəli istifadə etmək lazımdır. Bizim çağırışımız əslində bundan ibarətdir. İndi o Maliyyə Nazirliyi və Hesablama Palatasının işidir. Zəhmət çəksin Respublika prokurorluğu və ya Daxili İşlər Nazirliyi bu faktlarla gedib araşdırsınlar. Bəlkə elə onların dediyi kimidir”. 

N.Əliyevin sözlərinə görə, onların məsuliyyətdən yayınmaması daha ədalətli olardı:

"Rəhbərlik ictimaiyyətə açıqlama verəydi ki, mən prokurorluq, DİN rəhbərliyini dəvət edirəm gəlib araşdırma etsinlər. Adam bu cür çıxış etmək əvəzinə özünə haqq qazandırır ki, belə bir şey yoxdur. Yox, camaat dəli olub. Bu rəqəmləri mən haradan götürə bilərəm? Mənim nə adıma yaraşar, nə özümə rəva bilərəm. Rəsmi dövlət saytlarının açıqladığı məlumatlardır, mən eləcə  o məlumatları üzə çıxarmışam. 

"Azərbaycan Dəmir Yolları”nın verməli olduğu  açıqlama o olmalı idi ki, gəlib yoxlayın, ölkə miqyasında, insanlarda yalnış təəsürat yaranmasın. Bunu etmək əvəzinə deyirlər yalan məlumatdır. Yox, elə bir düz danışan "Azərbaycan Dəmir Yolları”dır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR