Xəzinədara 14 bıçaq vurmaqda təqsirləndirilənin məhkəməsində videogörüntülərə baxılacaq

img

11-06-2019 [15:38]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət əməkdaşını öldürməyə cəhddə təqsirləndirilən Turan Kubuşovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin vəkili vəsatət qaldırıb. O bildirib ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən T.Kubuşovun MMC ilə əmək müqaviləsi olmadan çalışdığı məlum olub. Vəkil həmin MMC-nin inzibati qaydada cəzalanmasını istəyib. Hakim bildirib ki, bu məsələyə müşavirə otağında qiymət veriləcək.

Daha sonra sənədlərin tədqiqi mərhələsi davam etdirilib. Hakimin məhkəmə istintaqını başa çatdırması barədə təklifinə prokuror razılıq versə də, vəkillər bildiriblər ki, tədqiq olmayan sənədlər var və xüsusilə hadisə ilə bağlı videoyazıya baxış keçirilməsi vacibdir. Hakim bildirib ki, növbəti iclasda videoyazıya baxış keçiriləcək.

Proses iyunun 18-də davam etdiriləcək.

Qeyd edək ki, T.Kubuşov "T.Namazova 14 bıçaq zərbəsi vurmaqda təqsirləndirilir.

Hadisə ötən il aprelin 25-də Yasamal rayonunda "ZD Travel” şirkətinin qarşısında baş verib. Şirkətin xəzinədarı, 1989-cu il təvəllüdlü Tərxan Namazov 20 min manat pulla ofisdən çıxıb avtomobilə tərəf gedərkən maskalı şəxs hücum edərək çantanı alıb qaçmaq istəyib. Lakin Tərxan ona müqavimət göstərdiyi üçün cinayətkar silaha əl atıb və mühasibə 14 bıçaq zərbəsi vurub. Ətrafdakı taksi sürücülərinin hadisə yerinə yaxınlaşdığını görən maskalı şəxs oradan qaçaraq uzaqlaşıb. T.Namazov xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Kubuşov saxlanılıb. O, bir müddət "ZD Travel” şirkətinin rəhbəri Vəli Dünyamalıyevin sürücüsü işləyib.

1983-cü il təvəllüdlü T.Kubuşov Cinayət Məcəlləsinin 29,120.2-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.

T.Kubuşov məhkəmədə verdiyi ifadədə ittihamı qəbul etməyib və hadisə baş verən zaman başqa ərazidə olduğunu bildirib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR