"Mənzil bazarında 1000 manatdan ucuz ev təklif edən şirkət yoxdur"

img

11-06-2019 [13:28]


Son günlər tikinti sektorunda tikinti materiallarının qiymətlərinin  qalxdığı müşahidə olunur. Bununla yanaşı daşınmaz əmlak bazarında da qiymətlər yüksəkdir.

Məsələylə bağlı "Yeni Sabah”a danışan iqtisadçı ekspert Qadir İbrahimli bildirib ki, bu bazarda böhran gözlənilir. Onun sözlərinə görə, qiymətlər kəskin qalxıb:

"Mənzilin kvadratını artıq 1500 manata təklif edirlər. Hazırda 1000 manatdan ucuz təklif edən şirkət yoxdur. Hətta şəhərin mərkəzində Elmlər Akademiyası, metroya yaxın ərazilərdə kvadratı 2000-3000-dən başlayan qiymətlər var. Əmlak bazarı orta təbəqənin imkanlarına adekvat olmalıdır. Azərbaycanda o təbəqənin aylıq real gəlirləri təxminən 1000-1500 manat arasında dəyişir. Gəlirlər də daşınmaz əmlak bazarına  yaxın düşməyə imkan vermir. 

Ona görə də yaxın dövrlərdə bazarın böhranı gözlənilir. Yəni tikinti şirkətləri istehsal fəaliyyətini dayandırmağa məcbur  olacaq. Çünki bu şərtlər daxilində uzun müddət  davam gətirmək mümkün deyil”.

İqtisadçı qiymətlərin qalxma səbəblərindən də danışıb. Onun sözlərinə görə, bu məsələdə rüşvət amili rol oynayır:

"Burada rüşvət amili dayanır. Müxtəlif qurumlar tikinti şirkətlərindən külli miqdarda rüşvət alırlar. Rüşvət hətta mənzilin maya dəyərindən bir neçə dəfə yüksək olur. Təbii ki, həmin pullar hamısı maya dəyərinə daxil edilir və alıcılara təklif edilir. Əvvəl tikinti şirkəti 17-18 mərtəbəli binaya görə rüşvət verirdi, indi isə  Dövlət Şəhərsalma və Arxitektura Komitəsi  deyir ki, 10 mərtəbədən yüksək bina tikilə bilməz. Maksimum 12 mərtəbə göstərilir və bu halda həmin rüşvət 18 deyil, 12 mərtəbəli binanın maya dəyərinə daxil edilir. Bu da istər-istəməz qiymət artımlarına gətirib çıxarır”. 

Ekspertin sözlərinə görə, 12 mərtəbə  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin  tələbidir və indi 12 mərtəbədən yüksək  tikintilər faktiki olaraq qadağan edilib:

"Yaxın vaxtlarda bu bazar dinamik inkişaf edə bilməyəcək. Bazarın çöküşü gözlənilir. Tikiti şirkətləri fəaliyyətlərini dayandırmağa məcbur olacaqlar. 

İndi də hiss olunur ki, sosial şəbəkələr üzərindən şirkətlər xeyli  reklamlar edirlər. Kreditlərdə daha yumşaq şərtlər irəli sürürlər. Ancaq kreditlə məsələni həll etmək mümkün deyil. Əhalinin, xüsusilə də orta təbəqənin  imkanlarına adekvat olmayan daşınmaz əmlak bazarı gec-tez çöküşə məhkumdur. 

Həmin şirkətlərin fəaliyyətini dayandırması təbii ki, sosial  problemdir. Bu, xeyli işsizlər  ordusunun yaranmasına  gətirib çıxaracaq. Ancaq bunun qarşısını almaq üçün tikinti bazarında şərtləri şəffaflaşdırmaq, qeyri-rəsmi ödənişlərin  ləğvinə nail olmaq lazımdır. Əgər bu problemlər həllini tapmasa, qeyd etdiyim çöküş qaçılmaz olacaq”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR