Koçaryan, Ohanyan və daha iki nəfər hakim qarşına çıxacaq

11-06-2019 [11:25]
Sabah Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, baş nazirin sabiq müavini Armen Gevorkyan, eks-müdafiə naziri Seyran Ohanyan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş katibi Yuri Xaçaturovun cinayət işləri üzrə növbəti məhkəmə prosesi keçiriləcək. 

"Lragir.am” xəbər verir ki, bunu R.Koçaryanın vəkillər qrupundan bildiriblər.

Proses Apelyasiya Məhkəməsində olacaq. 

Məhkəmə Ermənistan Baş Prokurorluğu, habelə zərərçəkənlər Vaqe Qriqoryan və Seda Safaryanın şikayəti əsasında keçirilir. Onlar R.Koçaryanın girov müqavilində azadlığa buraxılması barədə mayın 18-də qəbul olunan qərardan apelyasiya şikayəti veriblər.

Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyasınamizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub və o, cari il mayın 18-də girov qarşılığında azadlığa buraxılıb.

Adları yuxarıda qeyd edilənlər konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə mühakimə olunurlar/Report. 


SON XƏBƏRLƏR