Hakimin acı etirafı: "...sabahdan tuthatut başlayacaq"

09-06-2019 [18:21]
Seymur Verdizadə 
BAKU.WS

****

Ötən gün çay süfrəsində Ramazan bayramını qeyd edəndə, hakim dostlarımdan biri acı etirafda bulundu: "Orucluqla əlaqədar olaraq, vacib proseslərin hamısını təxirə salmışdım. Sabahdan tuthatut başlayacaq".

Onun irişə-irişə dediyi bu sözlər məndə maraq hissi oyatdı. Söhbətin nədən getdiyini təxminən anlasam da, bu sualı verməkdən özümü saxlaya bilmədim: "Ötən bir ayda heç bir prosesə çıxmamısan?"

Dostum bir qədər könülsüz cavab verdi: "Biz gecə-gündüz işləyirik. May ayında 10-dan çox işə baxmışam. Bunlar əsasən mülki işlər olub".

Onu daha çox danışdırmaq, məsələnin təfərrüatına varmaq üçün növbəti sualı verdim: "Hakim üçün hansı işə çıxmağın nə əhəmiyyəti var?"

Dostum sınayıcı nəzərlərlə məni süzüb, belə dedi: "Deyəsən, bu dəfə məndən yazacaqsan..."

Eyni soyuqqanlılıqla cavab verdim: "Mən hamıdan yazıram. Sən, yazdıqlarımın heç birindən artıq deyilsən".

Araya sükut çökdü. Bizimlə eyni masanın arxasında əyləşən geoloq dostum pərtliyi ortadan qaldırmaq üçün zarafata keçdi: "Yüz ilin jurnalistisən. Özün anla də... Müəllim Allah adamıdır, Ramazan ayında rüşvət almır. Buna görə də pullu işləri orucluqdan sonraya saxlayıb".

Ətrafa gülüş sədaları yayıldı və biz bir də bu söhbətə qayıtmadıq...

Yeni mövzuda danışmağa macal tapmamış telefonuma zəng gəldi. Axırıncı dəfə iki gün əvvəl iftar süfrəsində görüşdüyümüz əsgər yoldaşım salam-kəlamsız mətləbə keçdi: "Qaqa, sabahkl planın nədir? Bəlkə görüşək..."

Əlim üzümdə qaldı. Ona iki gün əvvəl bir yerdə olduğumuzu, gecəyarısına kimi dərdləşdiyimizi deyəndə, belə reaksiya verdi: "O başqa, bu başqa. Malı-mala qatma. Bir aydı dilimə içki dəymir. Vurmaq istəyirəm".

Adətimə xilaf çıxıb, onu azarlamadım. Çünki son bir həftədə bir neçə dəfə bu cür təklif almışam. Oruc tutanların arasında əvvəlki həyatına qayıtmaq, yenidən araq şüşəsinə sarılmaq üçün gün sayanların sayı-hesabı yoxdur...

Anlayıram, başqasının şəxsi həyatını təftiş etməyə bizim ixtiyarımız yoxdur. Mən hətta 11 ay araq içib, 1 ay oruc tutan adamlara hücumların da qəti əleyhinəyəm. Əvvəllər yazdığm bu fikirdə yenə qalıram: şərti adı Əhməd, ya da Məmməd olan həmvətənimiz ilin bütün günü araq içsə, zina etsə, rüşvət alsa, adam satsa bundan cəmiyyət nə qazanacaq? Əgər kimsə bu vərdişlərdən heç olmasa bir ay uzaq qalırsa, buna da şükür etmək lazımdır...

Şübhə etmirəm ki, hazırda oxucunu yalnız bu sual düşündürür: müəllif nəyə etiraz edir?

Yazım: biz nəfsimizi tərbiyə etmək, paklaşmaq, pis əməllərdən arınmaq üçün oruc tuturuq. Əgər oruc tutan adam aradakı "boşluğu" doldurmaq üçün Ramazan ayı başa çatandan sonra arağı vedrə ilə içirsə, demək ki, nəfsini yaxşı tərbiyə edə bilməyib. Əgər oruc tutan məmur Ramazan ayında almadığı rüşvətin əvəzini çıxmaq üçün "daskı"nı iki dəfə qaldırırsa, demək ki, bu müqəddəs ayın mahiyyətini dərk etməyib. 

Rüşvət almaq, ev yıxmaq, mərdimazarlıq etmək Ramazanda da günahdır, Ramazandan sonra da. Çünki Allahın nəzərləri Ramazanda da bizim üstümüzdədir, Ramazandan sonra da...




SON XƏBƏRLƏR
20:15 24.06.2019
Azercell-dən #Hədiyyə