Moldovada iki hakimiyyət yarandı - Ölkə vətəndaş müharibəsinə gedir

img

09-06-2019 [16:03]


"Fevralın 24-də Moldovada parlament seçkiləri keçirildi və 101 yerlik qanunverici orqanda prezident İqor Dodonun Sosialistlər Partiyası 35, oliqarx Vlad Plaxotnyukun Demokrat Partiyası 30, ACUM bloku isə 26 mandat qazandı. İki qərbyönlü qüvvə - DP və ACUM-un səsləri koalisiya hökuməti qurmağa kifayət idi, lakin Plaxotnyuk və ACUM liderləri Sandu ilə Nestase arasında dərin konflikt, hətta düşmənçilik olduğundan onlar heç masaya da oturmadılar, eyni zamanda hər iki tərəf açıq şəkildə Rusiya tərəfindən dəstəklənən və maliyyələşdirilən sosialistlərlə də ortaq proqram üzərində anlaşa bilmədilər. İyunun 7-də Konstitusiya Məhkəməsi qərar qəbul etdi ki, yeni hökuməti qurmaq üçün qanunla müəyyənləşdirilən 3 aylıq müddət başa çatıb və prezident növbədənkənar parlament seçkilərinin vaxtını elan etməlidir".

Mia.az xəbər veirr ki, bunu Moldovadakı son vəziyyəti şərh edən siyasi ekspert Şahin Cəfərli deyib.

Onun sözlərinə görə, yuxarıda qeyd edilənlərə baxmayaraq, iyunun 8-də sosialistlər və ACUM qəflətən anlaşma əldə edərək yeni hökumətin formalaşdırıldığını elan etdilər: "Baş nazir vəzifəsinə ACUM liderlərindən Maya Sandu, parlamentin sədri vəzifəsinə isə sosialistlərin lideri Zinaida Qreçanaya seçildi. Bu iki siyasi qüvvəni birləşdirən yeganə faktor ortaq düşmənin (Plaxotnyuk) mövcudluğudur və taktiki xarakter daşıyan anlaşmanın yeganə məqsədi də məhz hakimiyyət rıçaqlarını oliqarxın əlindən almaqdır. Amma KM hökumətin qurulmasını və parlament sədrinin seçkisini qanunsuz elan etdi. Məhkəmə prezident İ.Dodonun Konstitusiyanı pozduğunu əsas tutaraq onun səlahiyyətlərini DP hökumətinin baş naziri Pavel Filippə verdi. Parlament isə öz növbəsində P.Filipp hökumətini qanunsuz elan edərək demokratları hakimiyyəti uzurpasiya etməkdə günahlandırdı və BMT-yə müraciət etdi".

Ekspert bildirib ki, indi qəribə vəziyyət yaranıb: "İlk baxışdan hər iki tərəf qanuni müstəvidə hərəkət edir. Parlamentin 2 iri fraksiyası anlaşıb və onların səsləri (61) hökumət qurmaq üçün yetərlidir. Konstitusiya Məhkəməsi isə hökuməti qurmaq üçün 3 aylıq müddətin iyunun 7-də bitdiyi və parlamentin bu tarixdən etibarən buraxılmış sayıldığına dair rəy verib. KM hakimləri Plaxotnyuka yaxındır və Rumıniya vətəndaşlarıdır (600-800 min arası Moldova vətəndaşı Rumıniya vətəndaşlığını qəbul edib).

Hüquqi kollapsın necə həll olunacağı hələ ki aydın deyil. Moldovada maraqları olan 3 geosiyasi mərkəzin – Rusiya, ABŞ və Avropa Birliyinin mövqeyi bu məsələdə önəmli olacaq. Həftə içində Rusiya baş nazirinin müavini, Putinin Moldova üzrə xüsusi nümayəndəsi Dmitri Kozak, ABŞ DD-nin Şərqi Avropa üzrə idarəsinin direktoru Bredli Freden və AB-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han Moldovada səfərdə oldular. Rusiya növbədənkənar seçkiyə qarşı idi və sosialistlərin daxil olacağı istənilən koalisiyanı dəstəkləyəcəyini gizlətmirdi. ABŞ və AB isə sosialistlərə isti baxmasalar da, oliqarx Plaxotnyuka da qıcıq duyurlar, bu səbəblə DP-siz hökumətin qurulmasına etiraz etmədilər. Qərb və Rusiyanın mövqeləri ən azı bu mərhələdə üst-üstə düşdü, sosialistlər yeni baş nazirin avrointeqrasiya kursunu prioritet elan etməsinə razılıq verdilər. (Rusiyanın yeri gələndə nə qədər praqmatik və elastik mövqe sərgiləyə biləcəyi buradan görünür.) DP isə ACUM-u milli maraqlara xəyanətdə, Kozakın planı əsasında hərəkət etməkdə suçlayır və nəyin bahasına olursa olsun yeni seçkiyə gedərək bu blokun seçicilərini "oğurlamaq” istəyir".

Ekspertin sözlərinə görə, hazırkı vəziyyətin qısa izahı belədir: "Moldovada bu gün real güc hələ də Plaxotnyukun əlində, xarici dəstək isə sosialist-ACUM koalisiyanın tərəfindədir".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR