Baş Prokurorluğun nümayəndələri Minskdə beynəlxalq tədbirdə iştirak edib

07-06-2019 [16:08]
Azərbaycan Respublikasının prokurorluq orqanları xarici ölkələrin prokurorluq orqanları və nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə əməkdaşlığını uğurla davam etdirir.

Baş Prokurorluqdan Mia.az-a verilən məlumata görə, iyunun 3-dən 6-dək Minsk şəhərində Belarus Respublikası Baş Prokurorluğu və BPA-nın birgə təşkilatçılığı ilə Şərqi Avropa və Mərkəzi Asiya regionu ölkələrinin prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələrinin qatıldığı "Cəmiyyətin qlobal rəqəmsallaşması dövründə prokurorların cinayətkarlığa qarşı beynəlxalq əməkdaşlığı” mövzusunda regional konfrans keçirilib.

Belarusun baş prokuroru Aleksandr Konyukun dəvəti ilə tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, Beynəlxalq Prokurorlar Assosiasiyanın vitse-prezidenti Kamran Əliyevin rəhbərlik etdiyi, Baş İdarənin rəis müavini Əli Nağıyev və Bakı şəhər prokuroru İlqar Abbasovdan ibarət nümayəndə heyəti təmsil edib.

Müasir dövrdə milli təhlükəsizliyə əsas təhdidlərdən birini təşkil edən terrorçuluğun təhlükəli təzahür formalarından olan kiber-terrorçuluqla mübarizə məsələlərinin müzakirəsinə həsr olunmuş plenar iclasa həmsədrlik edən Kamran Əliyev Azərbaycanın cinayətkarlığın bu forması ilə mübarizə təcrübəsinə dair təqdimatla çıxış edərək ölkəmizin həmin sahədə formalaşdırdığı qanunvericilik və institusional baza, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının fəaliyyəti barədə iştirakçılara geniş məlumat verib. O, ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq həyata keçirilən cinayət qanunvericiliyinin dekriminallaşdırılması və liberallaşdırılması, məhkəmə-hüquq sistemində şəffaflığın təmin edilməsinə yönəlmiş genişmiqyaslı islahatlar, həmçinin korrupsiyaya qarşı qətiyyətli mübarizə tədbirləri barədə iştirakçıları məlumatlandırıb.

Azərbaycan nümayəndə heyəti Belarusun baş prokuroru Aleksandr Konyuk tərəfindən qəbul edilib, korrupsiyaya qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

BPA-nın rəsmiləri, Çin, Estoniya, Polşa, Rusiya Federasiyası və digər ölkələrin nümayəndə heyətləri ilə keçirilən görüşlərdə ikitərəfli əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb, iştirakçılara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən kitab və bukletlər təqdim edilib.

Tədbirdə Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov iştirak edib.

Azərbaycan nümayəndə heyətinin üzvləri səfər çərçivəsində ölkəmizin Belarusdakı səfirliyi tərəfindən 28 May - Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə təşkil olunmuş rəsmi ziyafətdə iştirak ediblər.


SON XƏBƏRLƏR