Dövlət Neft Fondunun astarı üzündən betər təkzibi

05-06-2019 [11:40]
Qubad İBADOĞLU

***

Dövlət Neft Fondunun açıqlaması (ARDNF dünən Qubad İbadoğlunun bundan əvvəlki yazısı ilə bağlı geniş açıqlama yayıb - Mia.az)  ilə tanış olun və görün, neft pullarını kimlər və necə idarə edirlər.

Məlum olacaq ki, Azərbaycanın "baş maliyyə analitikləri" də təmir-tikinti işləri ilə məşğuldurlar.

Neft gəlirlərinin hesabına formalaşmış mövcud valyuta vəsaitlərin pis idarəolunması ilə bağlı son açıqlamalarıma Dövlət Neft Fondunun cavabı çox ləngimədi. Fondun açıqlamasını neft pulları hesabına tikilən mənzillərdən hər gün Xəzər dənizindəki buruqları doyunca seyr edən redaktor və jurnalistlər qısa müddətdə və yetərincə tirajlayıb. 

Mən isə sizə və müstəqilliyə dəyər verib, fədəkarlıq edən mətbuata, bloqerlərə və azad jurnalistlərə güvənərək, neft gəlirlərinin pis idarəolunması ilə bağlı araşdırmalarımı davam etdirirəm.

 Buna rəqmən ilk növbədə sizin diqqətinizi Fondun dünənki açıqlamasında yer alan 3 məqama yönəltmək istərdim:

1) Açıqlama vermişəm ki, ARDNF-nin sahibi olduğu Londonun "West End” səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən 57,35 milyon funt sterlinq və ya 121 milyon dollar dəyər itirən 11 min kvadrat metr sahəsi olan daşınmaz əmlak obyekti istifadəsiz qalıb. 

Bununla bağlı, Dövlət Neft Fondu bildirir ki, "Hal-hazırda binada icarədarın olmaması binanın təmirinə münbit şərait yaradır ki, bunun nəticəsində binanı daha əlverişli şərtlərlə icarəyə vermək imkanı yaranacaq. Sözügedən təmirin yekunlaşdırılması 2020-ci ilin sonuna nəzərdə tutulub. Təbii ki, yuxarıda da qeyd olunduğu kimi, daşınmaz əmlak obyektinin qısamüddətli dövrdə icarədarsız qalması səbəbindən 2018-ci ilin sonunda aparılan qiymətləndirmə nəticəsində binanın dəyəri azalıb, lakin Londonun tarixi mərkəzində yerləşən bir daşınmaz əmlak obyekti olaraq, yeni icarədarların cəlbindən sonra binanın dəyərinin yüksəlməsi gözlənilir."

2) Açıqlana vermişəm ki, Moskvanın "göbəyində" Tverskaya 16 ünvanında yerləşən, 18 min kvadrat metr sahəsi olan, bazar dəyəri son 6 ildə 84,5 milyon dollar ucuzlaşan ARDNF-ə məxsus ofis və ticarət mərkəzinin icarəsindən 2018-ci il üçün Fondun büdcəsinə 1 rubl belə çatmayıb.

Dövlət Neft Fondunun açıqlamasında qeyd olunur ki, "Rusiyanın Moskva şəhərində Tverskaya 16 ünvanında yerləşən daşınmaz əmlak obyektində də müvafiq təmir işləri aparılmaqdadır. Belə ki, obyektin ticarət hissəsi təmir işləri ilə təkmilləşdirmədən sonra tam olaraq H&M şirkətinə icarəyə verilmişdir. Hal-hazırda isə obyektin ofis hissəsində təmir işləri davam etməkdədir və bu işlərin yaxın gələcəkdə yekunlaşması nəzərdə tutulub. Təbii ki, bu işlər başa çatdıqdan və yeni icarədarlar cəlb edildikdən sonra obyektin dəyərinin artımı gözlənilir."

3) Açıqlama vermişəm ki, Dövlət Neft Fondu son 2 ildə VTB bankına sərmayələdrən 216 milyon dollar itirib. 

ARDNF isə açıqlamasında bildirir ki, "VTB Bankın bütün istiqamətlərdə bazar mövqeyi və payı möhkəmlənmişdir. 2018-ci il VTB Bank üçün mütləq rəqəmlər baxımından uğurlu il olsa da, təəssüf ki, bankın bazar dəyərində azalma tendensiyası müşahidə olunmuşdur. Bundan savayı, Rusiya Federasiyasına qarşı tətbiq olunan beynəlxalq maliyyə sanksiyalarının Rusiya dövlət bankları üçün beynəlxalq maliyyə bazarlarından ucuz kapital cəlb etmə imkanını faktiki olaraq yoxa endirməsi və sanksiyaların davam etməsi ( məs. Rusiyanı SWIFT sistemindən ayırma) fonunda VTB Bankın səhm qiymətlərində volatilliyin hələ müəyyən müddət davam edəcəyini gözləmək olar". 

Bu açıqlamadan çıxan qənaət ondan ibarətdir ki, VTB-yə sərmayələrdən itkilər bu ildə də davam edəcək. Bəs onda nədən biz 3 ildir ki, itirə-itirə gedirik, amma Rusiyadan sərmayələri geri çəkmirik?
Dəyərli dostlar, əziz izləyicilər, müəllimi 180-200 dollar, həkimi 120-150 dollar məvacib alan, pensiyaçısı 100-120 dollar təqaüdlə dolanan, uşaq pulluna, tibbi sığırtaya, güvənli sosial təminata həsrət qalan, ağır yaşayış şərtləri ilə yoxsulluq və işsizlik girdabında çabalayan vətəndaşları təmsil edən dövlətin Neft Fondunun hər il 100 milyonlar dollar itkisinə necə haqq qazandırmaq olar? Sizcə nə qədər susmalıyıq, buyurun dəstək olun və paylaşın ki, bu korrupsiya iyi verən məlumatlar ictimailəşsin.

P.S. Yazı Qubad İbadoğlunun Feysbuk-dakı səhifəsində yayılıb.



Digər Xəbərlər

SON XƏBƏRLƏR