YAP Siyası Şurasının üzvü: "Hadisələrə ən böyük dəyəri zaman özü verir"

img

04-06-2019 [21:27]


"Hadisələrə ən böyük dəyəri zaman özü verir. Ədalət ən böyük meyardır. Həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatın qələbəsi inkaredilməzdir. Bu gün dünyanın nəhəng dövlətlərinin Azərbaycan həqiqətlərinə münasibətdə mövqelərində dəyişikliklər etmələri dövlətimizin uğurlu daxili və xarici siyasətinin nəticəsidir. Artıq işğalçı Ermənistan bu reallığın şahidinə çevrilir ki, yalanlarla dünyanı çaşdırmaq qeyri-mümkündür".

Bu fikirləri Mia.az-a Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Fransa məhkəməsinin separatçı Dağlıq Qarabağ rejimi ilə Arnuvill şəhəri arasında "Dostluq haqqında xartiya”nı ləğv etməsinə münasibət bildirərkən söyləyib.

V.Rəhimzadə qeyd edib ki, məhkəmə 2018-ci il oktyabrın 22-də imzalanan sənədin qeyri-qanuni, heç bir hüquqi qüvvəsi olmayan, Fransanın beynəlxalq öhdəliklərinə zidd olması barədə qərar çıxarıb: "Bu, 2013-cü ildən sonrakı dövrdə Fransa məhkəməsinin Azərbaycanın xeyrinə çıxardığı ilk qərardır. Ölkəmiz separatçı rejimin işğalı legitimləşdirmək, Fransa şəhərləri ilə qarşılıqlı əlaqələr qurmaq cəhdlərini rəsmi Paris qarşısında dəfələrlə qaldırıb və buna kəskin etirazını bildirib. Fəaliyyətində hər zaman Azərbaycanın milli maraqlarını əsas tutan ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Fransaya sonuncu səfəri zamanı keçirdiyi rəsmi görüşlərdə məsələni müzakirə edib və belə halların yolverilməzliyini diqqətə çatdırıb. Bununla yanaşı, Fransa Prezidenti Emmanuel Makron bu ilin fevralında erməni diasporunun nümayəndələri ilə görüş zamanı bu tipli xartiyaların imzalanması və işğalçı rejimlə Fransa şəhərlərinin əlaqələrinin qurulmasını Fransanın dövlət maraqlarına, beynəlxalq öhdəliklərinə və hüquqa zidd olduğunu bildirib”.

YAP Siyasi Şurasının üzvü bildirib ki, hər bir hadisə, ən əsası, Azərbaycanın xeyrinə atılan addım münasibətlərin bugünkü səviyyəsini təhlil etməyi bir zərurət kimi ortaya qoyur: "Bu fakt inkaredilməzdir ki, Fransa erməni diasporunun güclü olduğu ölkələrdəndir. Erməni diasporunun həmin ölkədə cərəyan edən proseslərə təsir imkanlarının genişliyi göz önündədir. Fransa kimi dünyanın nüfuzlu dövləti heç bir araşdırma aparmadan «erməni soyqırımı»nı tanımaqla yanaşı, bunu digər dövlətlərdən də tələb edirsə, həmçinin Fransa Senatında "erməni soyqırımı”nı tanımayanlara qarşı cəzanın tətbiq olunması ilə bağlı qanun layihəsi müzakirə olunursa, bu Ermənistan-Fransa münasibətlərinin yaxınlığına işarədir. Fransanın ermənilərin hiyləgərliklərindən irəli gələn addımları sırasında yer alan "erməni soyqırımı abidəsi”nin ucaldılması, "soyqırımı muzeyi”nin yaradılması da ikili siyasətdən alınan gücün göstəricisi idi. Amma ermənilər və erməni diasporu unudur ki, artıq onların yalanlarının ayaq tutub yeriməsi vaxtı çoxdan keçib. Müasir dövrün informasiya əsri olduğunu, Azərbaycan dövlətinin hücum diplomatiyasını tarixi faktlara əsaslanaraq yüksək səviyyədə həyata keçirdiyini, ən əsası erməni diasporunun diplomatik uğurlarımızın fonunda zəiflədiyini, dünyada cərəyan edən proseslərə təsir imkanlarının heçə endiyini nəzərə alsaq, saxta tarix yazıb bunu həqiqət kimi dünyaya çatdırmağa çalışan ermənilərin apardıqları təbliğatların nə qədər gülünc və mənasız olduğunu görməmək mümkün deyil”.

V.Rəhimzadə qeyd edib ki, son zamanlar diqqət yetirdikdə Fransanın Ermənistana soyuq münasibəti, daha dəqiq desək, yalanlarını ədalətin gözü ilə alt- üst etmək cəhdi diqqətdən kənarda qalmır. Ermənistanın baş naziri Nikol Paşinyanın Fransaya səfəri zamanı soyuq qarşılanması dünya mətbuatında geniş müzakirə edilən məsələlər sırasında oldu.

"Azərbaycanın xarici siyasətində Avropa İttifaqı, eyni zamanda, quruma üzv olan ölkələrlə əməkdaşlıq prioritetdir” söyləyən V.Rəhimzadə qeyd edib ki, bu gün ölkəmizlə Fransa arasında əlaqələr yüksələn xətlə inkişaf edir: "Bunu dövlətimizin başçısı İlham Əliyevin Fransaya səfəri zamanı keçirdiyi görüşlər, Fransanın Azərbaycanın xarici siyasətinin prioritet məsələsi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyində dəyişikliklər də təsdiqləyir. Nəzərə alsaq ki, Fransa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən, həmçinin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir, bu halda onun mövqeyinin ölkəmiz üçün nə qədər önəm daşıdığını geniş şərh etməyə ehtiyac yoxdur”.

V.Rəhimzadə bildirib ki, Azərbaycanın hər bir diplomatik uğuru yeganə problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz ədalətli həllini tapacağına inamı artırır. Eyni zamanda, uğurlar özlüyündə dünyanın aparıcı dövlətlərinə, həmçinin ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin üstünlüyünə inamı artırır: "Fransa məhkəməsi bu günə qədər dünyanın ikili siyasətindən ərköyünləşərək daha böyük iddialarla yaşayan ermənilərin bütün cəhdlərinin üzərindən xətt çəkdi” söyləyən V.Rəhimzadə bu inamı da ifadə edib ki, dünyanın ikili siyasətdən xilas olması fonunda digər dövlətlər də obyektiv yanaşma ortaya qoyaraq, 25 ildən artıqdır davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə dəstək olacaqlar: "Dövlətimizin başçısı İlham Əliyevin daim bəyan etdiyi kimi, Azərbaycan hücum diplomatiyasını uğurla həyata keçirir. Təbliğatımız real faktlara, tarixi həqiqətlərə əsaslanır. Beynəlxalq hüququn norma və prinsiplərinin bütün dövlətlərə eyni şəkildə tətbiq olunması əsasında münaqişəli məsələlərin öz ədalətli həllini tapacağı qaçılmazdır. Fransa bu addımı ilə Dağlıq Qarabağ probleminin həllinə dəstəyini bir daha təsdiqlədi. Eyni zamanda, bu qərar dünyanın bu günə qədər yaşadığı beynəlxalq hüquq problemindən xilas olmaq istəyinə işıq saldı”.

Digər xəbərlər
SON XƏBƏRLƏR