Gömrükdə narkotiklə bağlı iki əməliyyat keçirildi

04-06-2019 [14:42]

Dövlət Gömrük Komitəsi (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumata əsasən, piyada yolla İrandan gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Mia.az Komitəyə istinadən xəbər verir ki, şəxsi yoxlama zamanı vətəndaşın üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb.

Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın tibbi müayinə nəticəsində -düz bağırsağından, şəffaf sellofana bükülü 3 ədəd bükümdə 76 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə-heroin və 18 ədəd qəhvəyi rəngli, bir xətli, yumru formalı, üzərində "M40" nişanəsi olan "metadon" adlı dərman preparatı aşkarlanıb.

Xatırladaq ki, metadon "Ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı" na daxildir.

Bundan başqa, Bakı Baş Gömrük İdarəsinin "İpək Yolu" gömrük postunda İrandan Azərbaycana ayrı-ayrı şəxslərin yüklərini daşıyan "Kamaz" markalı, 42 BD 226 dövlət nömrə nişanlı yük avtomobilinin 42 ZA 020 nömrə nişanlı yarımqoşqusuna rentgen qurğusunda baxış keçirilib. Baxış zamanı, Bakı Baş Gömrük İdarəsi Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin əməkdaşları yarımqoşqudakı yüklərin içində şübhəli çizgilər müşahidə ediblər. Təkrar yoxlama nəticəsində isə dəri məmulatlarından birinin içərisində ayrı-ayrı yerlərdə kəsiklər olduğu müəyyən edilib. Həmin kəsiklərdə isə 4 ədəd bağlamada ümumi xalis çəkisi 2 795 qram olan narkotik vasitə - heroin və 0,522 qram psixotrop maddə - metamfetamin, eləcə də 297 ədəd həb şəklində, təsiredici maddəsinin ümumi miqdarı 11,88 qram olan narkotik vasitə - metadon aşkar olunub.

Daha sonra Bakı Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat İdarəsi Əməliyyat şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən keçirilmiş tədbirlər nəticəsində Azərbaycan vətəndaşları Əliyev Turan Nazim oğlu və Tarverdiyev Pərviz İsmayıl oğlu içərisində narkotik vasitələr və psixotrop maddə olan həmin yükü təhvil alarkən yaxalanıblar.

Adıçəkilən vətəndaşlar Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməyə görə şübhəli şəxs qismində tutularaq barələrində toplanmış materiallar Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilib.

Hər iki faktla bağlı araşdırma aparılır.



SON XƏBƏRLƏR