Rövnəq Abdullayev: "İstəyirik ki, komandamız Avropa çempionatında iştirak etsin"

img

03-06-2019 [23:45]


Futbol üzrə Azərbaycan milli komandası Macarıstan və Slovakiya ilə AVRO-2020-nin seçmə oyunları ərəfəsində növbəti məşqə çıxıb.

"Report"un məlumatına görə, hazırlıq prosesi Bakının Mərdəkan qəsəbəsindəki milli komandaların təlim-məşq bazasında gerçəkləşib.

Məşqə AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvləri qatılıblar. 

Rövnəq Abdullayev deyib ki, bir neçə gün əvvəl Bakıda böyük bayram oldu və Avropa Liqasının finalı ölkəmizdə keçirildi: "Biz istəyirik ki, komandamız Avropa çempionatında iştirak etsin. Bu da siz futbolçuların əlindədir. İnanıram ki, biz bunu bacaracağıq. Bizim belə bir devizimiz var: "Niyə də yox?!" Hər şey öz əlimizdədir. Mən də çalışacağam ki, qələbədən sonra birlikdə sevinək. Qarşıdakı oyunlarda qələbə qazanmalıyıq. Qələbələr həm sizin karyeranızda böyük rol oynayacaq, həm də bizi sevindirəcək". 

Milli komandanın kapitanı Maksim Medvedev AFFA-nın prezidentinə təşəkkür edib. O, kollektivdə əhval-ruhiyyənin yüksək səviyyədə olduğunu deyib: "Biz də qarşıdakı matçı səbirsizliklə gözləyirik. Çalışacağıq ki, ən yaxşısını edək. Azarkeşlərimizi doğma meydanda sevindirmək istəyirik. Hər şey qaydasındadır. Ayın 8-də sözümüzü deyəcəyik".  

Qeyd edək ki, Azərbaycan millisi iyunun 8-də Macarıstan, iyunun 11-də Slovakiya yığması ilə qarşılaşacaq. Hər iki görüş "Bakcell Arena"da keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR