Merkeldən tarixi çıxış və 5 məsləhət: "Dəyişilməsi mümkünsüz görünən şeylər, əslində, dəyişilə bilər"

img

03-06-2019 [20:32]


ABŞ-ın məşhur Harvard Universtetinin məzun günündə hər il tanınmış şəxslər çıxış edir. 

Bu il isə Almaniyanın kansleri Angela Merkel nitq söyləyib. Bir daha namizədliyini irəli sürməyəcəyini və heç bir vəzifə tutmaq istəmədiyini açıqlayan xanım Merkelin bu çıxışı onun həm də vida nitqi hesab olunur. 

Mia.az "Mikroskop"a istinadla Merkelin çıxışını kiçik ixtisarla təqdim edir:

****

"Hər bir başlanğıcda bizi qoruyan və yaşamağımıza kömək edən bir sehr gizlənib”

24 yaşımda fizika üzrə ali təhsilimi başa vuranda alman yazıçısı Herman Hessenin bu sözləri məni ilhamlandırmışdı. 1978-ci il idi. Dünya iki yerə bölünmüşdü: Şərq və Qərb. Soyuq müharibə zamanı idi. Mən şərqi Almaniyada, yəni keçmiş Almaniya Demokratik Respublikasında (DDR), vətənimin azad olmayan hissəsində, diktatorluqda böyümüşəm. Adamlar daim izlənilir və təzyiq altında saxlanılırdılar. Müxaliflər təqib olunurdular. DDR hökuməti qorxurdu ki, adamlar azadlığa doğru qaçmaq istəyərlər. Ona görə də onlar Berlin divarını tikdilər. Berlin divarı betondan və poladdan tikilmişdi. Kim o divarı aşmaq istəyərkən yaxalanırdısa, ya həbsə atılır, ya da yerindəcə güllələnirdi. Berlinin ortasından keçən bu divar bir xalqı iki yerə bölmüşdü, ailələri bölmüşdü. Həmçinin mənim ailəm də bir-birindən ayrı düşmüşdü.

Fizika təhsilimi bitirdikdən sonra ilk iş yerim Şərqi Berlindəki Elmlər Akamdemyasında idi. Berlin divarının yaxınlığında yaşayırdım. İşdən çıxıb evə qayıdarkən yolum divara doğru gedirdi. Divarın o tərəfində Qərbi Berlin idi, azadlıq idi. İşdən qayıdanda divara lap az qalmış evə tərəf dönməli idim. Hər gün azadlığın lap yaxınlığından dönməli olurdum. Tez-tez fikirləşirdim ki, yəqin buna dözə bilməyəcəm. Bu, məyusedici idi.

Mən dissident deyildim. Divara qarşı çıxmırdım, amma onun mövcudluğunu inkar da etmirdim, çünki özümü aldatmaq istəmirdim. Berlin divarı mənim imkanlarımı məhdudlaşdırırdı. O, sözün həqiqi mənasında mənim yolumu kəsmişdi. Ancaq o divar bütün bu illər ərzində bir şeyi bacarmadı: mənim daxili dünyamın sərhədlərini müəyyən etməyi. Qadağalar və məcburiyyətlər mənim şəxsiyyətimə, fantaziyalarıma, xəyallarıma sərhəd çəkə bilmədilər.

Sonra 1989-cu il gəldi. Azadlıq arzusu bütün Avropada inanılmaz bir güc ortaya çıxardı. Polşada, Macarıstanda, Çexslovakiyada və həmçinin DDR-də yüz minlərlə insan küçələrə axışdı. İnsanlar etiraz etdilər və divarı yıxdılar. Çoxunun – həmçinin mənim də – inanılmaz hesab etdiyi şey reallıq oldu. Qaranlıq divarın yerində bir qapı açıldı. Mənim üçün də o qapıdan keçmək anı gəlib yetişdi. Artıq azadlığa çatmamışdan dönmək məcburiyyətim yox idi. İndi sərhədi keçə və açıqlığa doğru gedə bilərdim.

30 il bundan öncə elə bu aylarda mən hər şeyin olduğu kimi qalmalı olmadığını öyrəndim. 

Əziz məzunlar, istəyirəm bu təcrübəmi sizlə ilk məsləhətim kimi bölüşüm: Dəyişilməsi mümkünsüz görünən şeylər, əslində dəyişilə bilər.

İstər böyük, olsun istər kiçik, bütün dəyişikliklər beyində başlayır. Mənim valideynləriminin məxsus olduğu nəsil bunu çox ağrılı şəkildə öyrənməyə məcbur olub. Anam 1928-ci ildə, atam isə 1926-cı ildə doğulub. Onlar sizin yaşınızda olanda İkinci Dünya Müharibəsi və Holokost təzə bitmişdi. Mənim ölkəm Avropa və eləcə də bütün dünyaya inanılmaz əzablar yaşatmışdı.

Qalib gələnlərlə məğlub olanlar, görəsən, nə vaxta kimi barışmaz şəkildə qarşı-qarşıya dayancaqdılar? 

Amma Avropa yüz illərlə davam edən münaqişələrin öhdəsindən gələ bildi. Milli güclər əvəzinə birliyə söykənən sülh təşəkkül tapdı. Bütün müzakirələrdən və müvəqqəti uğursuzluqlardan bir şey öyrəndim: biz avropalılar xoşbəxtliyimiz üçün birləşməliyik.

Həmçinin amerikalılarla almanların münasibəti göstərir ki, keçmiş düşmənlərdən necə dost ola bilər. Corc Marşalın 1947-ci ildə elə burdakı məzuniyyət törəni çıxışında elan etdiyi planın da əhəmiyyətli rolu var. Artıq 70 ildir ki, demokratiya və insan haqları kimi dəyərlərə əsaslanan transatlantik əməkdaşlıq sayəsində sülhə və rifaha nail olunub və bundan hər iki tərəf bəhrələnir.

Əziz Harvard məzunları, sizin mənsub olduğunuz nəsil 21-ci əsrin çağırışları ilə üz-üzə dayanıb. Bizi gələcəkdə idarə edən siz olacaqsınız.

Proteksionizm və ticari konfliktlər azad beynəlxalq ticarətə və bu da özlüyündə rifahımızın təməllərinə təhlükə törədir. Rəqəmsallaşma həyatımızın bütün sahələrini əhatə edir. Müharibələr və terror miqrasiyaya gətirib çıxarır. İqlim dəyişikliyi təbii qaynaqları təhdid edir. İqlim dəyişikliyi və ondan yaranan böhranların səbəbi insandır. Beləliklə də biz əlimizdən gələn hər şeyi etməliyik ki, bəşəriyyət üçün ciddi əhəmiyyəti olan bu məsələləri nəzarətdə saxlaya bilək.

Birlikdə hərəkət edəndə yaxşılığa doğru dəyişikliklər etmək mümkündür. Öz yolunu tək getmək istəyənlər isə buna nail ola bilməyəcəklər. Və sizin üçün ikinci məsləhətim belədir: Unilateral (birtərəfli) deyil, multilateral (çoxtərəfli) düşünməli və hərəkət etməli, milli deyil, qlobal, təcridçi deyil, dünyaya açıq olmalıyıq. Qısası; tək yox, birlikdə.

Əziz məzunlar, siz mənim məxsus olduğum nəsildən daha fərqli şanslara sahib olacaqsınız. Yəqin ki, sizin smartfonlarınızın imkanları 1986-cı ildə DDR-də dissertasiyam üçün istifadə etdiyim, SSRİ-nin İBM kompüterlərindən daha çox şey bacarır.

Bu gün biz xərçəng xəstəliyinin diaqnozunu vaxtında qoymaq üçün süni intellektdən istifadə edirik. Gələcəkdə robotlar həkimlərə, tibb bacılarına xəstələrin fərdi ehtiyaclarına daha yaxşı diqqət ayırmağa yardımçı ola bilər.

İndidən dəqiq deyə bilmərik ki, hansı tətbiqetmələr mümkün ola biləcək. Amma burası aydındır ki, bu texnoloji yeniliklər nəfəskəsən imkanlar yaradacaqdır.

Əziz məzunlar, bu imkanlardan necə istifadə edəcəyimiz tamamilə sizə bağlıdır. Bizim nə cür işləyəcəyimizə, nə cür kommunikasiya quracağımıza, necə irəliləyəcəyimizə siz qərar verəcəksiniz.

Almaniyanın kansleri kimi tez-tez özümdən soruşuram: görəsən, doğru olanı edirəm? Nəyisə doğru olduğuna görə edirəm, yoxsa mümkün olduğuna görə? 

Siz də həmişə özünüzdən bunu soruşmalısınız – və bu gün sizə üçüncü nəsihətim budur. Biz texnologiyanın qaydalarını müəyyən etməliyik, yoxsa texnologiya bizim birgə yaşayımızın qaydalarını? İnsanı öz ləyaqəti və bütün tərəfləri ilə birlikdə mərkəzə qoymalı, yoxsa onu sadəcə bir müştəri, informasiya mənbəyi, yoxsa nəzarət edilən bir obyekt kimi görməliyik?

Bunlar çətin suallardır. Bu çətin sullara cavab tapmaq üçün dünyaya başqalarının gözü ilə baxmağı, başqalarının tarixinə, ənənələrinə, dininə və kimliyinə hörmət etməyi, demokratik dəyərlərə sahib çıxmağı və onlar üçün mübarizə aparmağı öyrənməliyik. Vacib qərarlar qəbul edəndə ilkin instinktlərimizə əsaslanmamalı, bir anlıq dayanmalı, düşünüb-daşınmalıyıq.

Əlbəttə ki, bunun üçün cəsarətli olmaq tələb olunur. Hər şeydən öncə isə başqalarına qarşı, bəlkə də bundan da vacibi özümüzə qarşı düzgünlük lazımdır. Buna başlamaq üçün buradan daha yaxşı yer ola bilərmi? Bütün dünyadan bu qədər gənc insanın həqiqət şüarı altında yığışaraq birlikdə öyrənib, araşdırma apardığı və zəmanəmizin suallarına cavab axtardığı bu yerdən daha yaxşısı ola bilərmi? Yalanları həqiqət, həqiqətləri yalan kimi təqdim etməmək, anormallıqları normallıq kimi qəbul etməmək də bura aiddir.

Əziz məzunlar, bəs bizə nə mane ola bilər? Yenidən divarlar: beyinlərdəki divarlar – cəhalətdən və dar düşüncəlilikdən yaranan divarlar. Bu divarlar ailə üzvlərinin, sosial qrupların, xalqların, irqlərin, dinlərin arasından keçir. Mənim arzum birlikdə yaşamaq istədiyimiz dünyanı anlamaqda bizə mane olan həmin divarları yıxa bilməkdir.

Buna nail olmaq bizə bağlıdır. Sizə dördüncü məsləhətim: unutmayın, heç nə özü-özlüyündən yaranmır, nə fərdi azadlıqlar, nə demokratiya, nə sülh, nə də rifah.

Amma bizim qabağımızı kəsən divarları yıxsaq, açıq olmağı bacarsaq, yeni başlanğıclara nail olsaq, hər şey mümkündür. Divarlar çökə bilər. Diktaturalar yoxa çıxa bilər. Qlobal istiləşməni dayandıra bilərik. Aclığı tamamilə yox edə bilərik. Xəstəliklərin sonuna çıxa bilərik. Bütün insanlar, xüsusilə qızlar üçün təhsili əlçatan edə bilərik. Miqrasiyanın səbəbləri ilə mübarizə apara bilərik. Bütün bunlara nail ola bilərik. 

Sizə beşinci məsləhətim: Özümüzü mümkün olan şeylərlə təəccübləndirməliyik, özümüzü bacardığımız şeylərlə təəccübləndirməliyik.

Təcrübəmdən çıxış edərək sizə altıncı məsləhətimi verə bilərəm: açıqlığa doğru getmək həm də risk etməkdir. Yeni başlanğıclara həm də köhnəni geridə qoya bilmək daxildir. Sonu olmayan başlanğıc yoxdur, gecəsi olmayan gündüz yoxdur, ölümsüz həyat yoxdur. Bizim bütün həyatımız başlanğıcla son arasındakı fərqdən ibarətdir. O ikisinin arasında nə varsa, onu həyat və təcrübə adlandırırıq.

Fikrimcə, biz yeni başlanğıcların sehrini duymaq üçün köhnəni bitirmək və yeni imkanlardan yararlanmağa həmişə hazır olmalıyıq. Bu mənim təhsil alarkən, elmlə məşğul olarkən və siyasətdə olarkan qazandığım təcrübədir. Kim bilir siyasətdən sonrakı həyatımda məni nələr gözləyir? 

Tamamilə açıqdır. Ancaq bir şey aydındır: nəsə yeni və fərqli bir şey olacaq.

Tərcümə: Elmin Həsənli

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR