AMEA-nın direktorundan sürücüsünün arvadına ev verilməsinə maraqlı reaksiya: "Burada qəbahətli nə var?!"

03-06-2019 [15:33]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinin müdiri Fətəli Abdullayev Yasamalda alimlər üçün tikilən binada sürücüsünün həyat yoldaşı Bayramova Ülviyyə Rafiq qızının adına mənzil alınması barədə məlumatlara münasibət bildirib.

F.Abdullayev "Report”a açıqlamasında deyib ki, yataqxanada yaşayan elm adamları üçün inşa olunan binada hər hansı mənzilin mənimsənilməsindən söhbət gedə bilməz.

"Bu kimi xəbərlər həqiqəti əks etdirmir. Mənzil vaxtı ilə alınıb. Məlumatda müqavilənin nömrəsi və vəsaitin məbləği yazılıb. Əgər mənzilin qiyməti ödənilibsə, burada qəbahətli nə var?! Belə olduğu halda hansı mənimsəmədən söhbət gedə bilər? Müqavilədə elə bir şərt var ki, Akademiyanın istənilən əməkdaşı həmin binadan güzəştli şərtlərlə mənzil ala bilər. Mənim sürücümün həyat yoldaşı da AMEA-nın işçisidir” - deyə AMEA-nın İşlər İdarəsinin müdiri əlavə edib.

O həmçinin vurğulayıb ki, məsələ ilə əlaqədar Akademiyanın rəsmi mövqeyi ictimaiyyətə açıqlanacaq.

Məsələ ilə bağlı AMEA-nın prezidenti Akif Əlizadə və Akademiyanın vitse-prezidenti İbrahim Quliyevdən münasibət öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, təhsil eksperti Etibar Əliyev AMEA rəhbərliyini alimlər üçün tikilən şəhərçikdəki mənzilləri mənimsəməkdə, alimliyə aidiyyatı olmayan şəxslərə satmaqda ititham edib. Onun sözlərinə görə, AMEA-nın prezidenti Əlizadə Akif Ağamehdi oğlunun adına (müqavilə:72;73) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişnin 5-ci mərtəbəsində 241 saylı 4 otaqlı (178,3kv.m) və 242 saylı 2 otaqlı (63,4kv.m) mənzillər (ümumi dəyəri 181275 man) rəsmiləşdirilib.

AMEA prezidentinin oğlunun gəlini Əlizadə Tamilla Aşum qızının adına (müqavilə:74;75) Yasamal rayonu A.M. Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 6-cı mərtəbəsində 247 saylı 4 otaqlı (178,3kv.m) və 248 saylı 2 otaqlı(63,4kv.m) mənzillər(ümumi dəyəri 181275 man) üzə çıxıb.

Bundan başqa AMEA-nın vitse-prezidenti Quliyev İbrahim Səid oğlunun adına (müqavilə: 76) həmin binada 4-cü girişin 7-ci mərtəbəsində 253 saylı 4 otaqlı (178,3kv.m) mənzil (dəyəri 133725 man), AMEA-nın İşlər İdarəsinin müdiri Fətəli Abdullayevin sürücüsünün həyat yoldaşı Bayramova Ülviyyə Rafiq qızının adına (müqavilə:77) 4-cü girişin 8-ci mərtəbəsində 259 saylı 4 otaqlı (178,3kv.m) mənzil (dəyəri 133725 man) rəsmiləşdirilib. 


SON XƏBƏRLƏR